Dekabrın 3-də İtaliya kubokunun 1/8 finalına start verildi.
Çərşənbə axşamı Bolonyada keçirilən ilk matçın nəticəsi gözlənildiyi kimi oldu. Amma sonrakı gündə baş tutan iki oyundan birində sürpriz yaşandı. Mərhələnin ilk oyun həftəsinin dekabrın 5-də keçirilən və ən çox maraq doğuran matçında da maraqlı nəticə qeydə alındı.
Qeyd edək ki, reqlamentə əsasən, A seriyasının son mövsümünü ilk 8 yerdə başa vuran “İnter”, “Milan”, “Yuventus”, “Atalanta”, “Bolonya”, “Roma”, “Latsio” və “Fiorentina” ölkə kubokunda mübarizəyə 1/8 finaldan başlayırlar. Bu komandalar biroyunluq mübarizədə rəqibləri ilə öz meydanlarında qarşılaşırlar. Mərhələnin ilk oyununun favoriti sayılan “Bolonya”nun evdə “Montsa”ya qalib gəlmək şansı yüksək idi. Hər hissədə iki cavabsız qol vuran Vinçentso İtalyanonun komandası 4:0 hesablı qələbə ilə 1/4 finala adladı. Darmadağında ən böyük pay sahibi Kastro oldu. 20 yaşlı argentinalı hücumçu 1 qol və 3 məhsuldar ötürmə ilə matça damğa vurdu.
“Milan” da növbəti mərhələyə asanlıqla çıxdı. Ölkə nəhənginin rəqibi “Sassuolo” hazırda B seriyasında liderlik etsə də, darmadağından qaça bilmədi. “Milan” ilk hissədə 4 cavabsız top vurmaqla cütün qalibinin kim olacağına şübhə yeri qoymadı. Matçı qeyri-optimal heyətlə keçirən Paulu Fonsekanın komandası 6:1 hesablı qələbə ilə 1/4 finala vəsiqə qazandı. Amma “Fiorentina” məkan amilindən yararlana bilmədi. A seriyasında “İnter” ilə son oyunu yarımmüdafiəçi Bovenin huşunu itirməsi səbəbindən yarımçıq qalan və təxirə salınan florensiyalılar evdə daha bir şok yaşadılar. Raffaele Palladinonun komandası “Empoli” ilə matçda qapısından erkən top buraxsa da, fasilədən sonra hesabda önə keçməyi bacardı. Lakin qonaqlar məğlubiyyətdən qaça bildilər. Reqlamentə görə, qalib əlavə vaxta ehtiyac duyulmadan penalti seriyası ilə müəyyənləşdi. Bu sınaqda 4:3 hesablı üstünlük qazanan “Empoli” 1/8 finalın ilk sürprizini reallaşdırdı.
Bu mərhələnin ən çox maraqla gözlənilən oyunu Romada baş tutdu. Ötən mövsümü 10-cu yerdə başa vuran “Napoli” İtaliya kubokunda mübarizəyə 1-ci mərhələdən başlamışdı. Bu mərhələnin qolsuz başa çatan ev oyununda “Modena”ya yalnız penalti seriyasında üstün gələn (4:3) Antonio Kontenin komandası növbəti matçda “Palermo”nun qapısından 5 cavabsız top keçirmişdi. Neapollular hazırda A seriyasında lider olsalar da, “Latsio”ilə səfər oyununun asan keçməyəcəyi aydın idi. Kontenin seçdiyi start heyətinə nəzər salarkən neapolluları paytaxtda yaxşı nəsə gözləmədiyi böyük ölçüdə məlum olurdu. Doğrudu, “Latsio”nu çalışdıran Marko Baroni də bir sıra aparıcı futbolçulara az-çox istirahət verməyi lazım bilmişdi. Amma qonaqların ilk “11-liy”i A seriyasında meydana sonradan çıxmaq şansı qazanan oyunçulardan ibarət idi. Nəticədə İtaliya çempionatının lideri Romadan evə əliboş dönməklə ölkə kubokunda mübarizəni dayandırdı. İlk dəqiqələrdən üstün oyun sərgiləyən meydan sahibləri hesabı hissənin ortalarında açmağa yaxın oldular. Amma Pedronun qazandığı penaltini Zakkanyi qola çevirə bilmədi: Kaprile onun zərbəsini dəf etdi. 10 dəqiqə sonra Noslin Jiqonun ötürməsi ilə qonaqların qapısına yol tapdı. Ancaq “Latsio”nun üstünlüyü çox da çəkmədi: dərhal hücumda fəallaşan cənublular Simeone ilə hesabı bərabərləşdirdilər. Hücuma hücumla cavab verən ev sahiblərinin üçgedişli kombinasiyası Noslinin ikinci qolu ilə nəticələndi.
Fasilədən az sonra romalılar rəqibini nokaut vəziyyətinə saldılar: həmin Noslin bu dəfə Zakkanyinin ötürməsi ilə het-trik etdi. Konte 72-ci dəqiqədə Di Lorentso, Maktominey və Politanonu mübarizəyə qoşmaqla oyunda dönüş yaratmağa çalışdı. Az sonra Lukaku da meydana çıxdı. Amma bu oyunçular “Napoli”yə bir qol belə qazandıra bilmədilər. Arxa xətdə əla oynayan “Latsio” inamlı qələbə ilə 1/4 finala adladı. Belə desək, Konte ölkə kubokunu çempionata qurban verdi. Avrokuboklarda çıxış etməyən “Napoli” bundan sonra yalnız A seriyasındakı mövqeyini qorumağa çalışacaq. Yeri gəlmişkən, Kontenin komandası bu məğlubiyyətin əvəzini tezliklə çıxa bilər. Məsələ ondadı ki, “Latsio” çempionatın növbəti turunda Neapola səfər edəcək.
1/8 final
Bolonya – Montsa 4:0
Pobeqa, 32. Orsolini, 35. Dominges, 63. Kastro, 77.
Bolonya: Ravalya, Likoyannis, Lukumi (Erliç, 78), Kazale, Holm (Koratsa, 78), Fröyler (Moro, 61), Ferqyuson (Urbanski, 61), Pobeqa, Orsolini (Dominges, 39), İlinq-Cunior, Kastro.
Milan – Sassuolo (D-2) 6:1
Çukvueze, 12; 21. Reynders, 17. Leao, 23. Kalabriya, 56. Abraham, 62 – Mulattyeri, 69.
Milan: Sportyello (Torriani, 46), Kalabriya, Tomori, Pavloviç, F.Terraçano, Reynders (Bartezaqi, 65), Fofana (Musa, 46), Leao (Okafor, 46), Loftus-Çik (Pulişiç, 46), Çukvueze, Abraham.
Fiorentina – Empoli 2:2, p. – 3:4
Ken, 59. Sottil, 71 – Ekonq, 4. Espozito, 75.
Fiorentina: P.Terraçano, Qosens (Parizi, 75), Lukas Martines (Riçardson, 52), Dodo, Ranyeri, Komutso, Kataldi, Kolpani (İkone, 52), Beltran (Qudmundsson, 75), Sottil (Kuame, 82), Ken.
Empoli: Seqetti, Sambiya (Qyasi, 82), İsmaili (Viti, 64), Kakaçe (Petsella, 64), Maryanuççi, Toto, Henderson, Belardinelli (Maleh, 64), Solbakken (Kolombo, 74), Espozito, Ekonq.
Latsio – Napoli 3:1
Noslin, 32; 41; 50 – Simeone, 36.
Latsio: Mandas, Latsari, Jiqo, Patrik, Hüsay, Rovella, Dele-Başiru (Kastrovilli, 73), Noslin (Maruşiç, 90+2), Pedro (İsaksen, 60), Zakkanyi (Genduzi, 60), Çauna.
Napoli: Kaprile, Zerbin (Di Lorentso, 72), Juan Jezus, Marin, Spinatsola, Gilmor, Folorunşo (Maktominey, 72), Neres, Raspadori (Lobotka, 85), Nqonq (Politano, 72), Simeone (Lukaku, 78).
“Yuventus” – “Kalyari” oyunu dekabrın 17-də, “Atalanta” – “Çezena” (D-2), “Roma” – “Sampdoriya” (D-2) oyunları dekabrın 18-də, “İnter” – “Udineze” oyunu isə dekabrın 19-da keçiriləcək.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta