“Prezident İlham Əliyevin Rusiya kanallarına müsahibəsində çox vacib məsələlərə toxunulub. Azərbaycan-Rusiya arasında inkişaf edən münasibətlər, qarşılıqlı fəaliyyət, eləcə də regionla bağlı həllini gözləyən məsələlər haqqında danışılıb, mühüm çağırışlar edilib”.
Bunu hafta.az-a professor Elşad Mirbəşir Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya mətbuatına verdiyi müsahibəni şərh edərkən bildirib.
Professor Azərbaycanla Rusiya arasında 2022-ci il fevralın 22 -də imzalanan müttəfiqlik, qarşılıqlı fəaliyyət haqqında sənədə diqqət çəkildiyini, ticari-iqtisadi əlaqələrin davamlı olaraq genişləndiyini qeyd edib.
E.Mirbəşir Prezidentin Rusiya ilə Qərb arasında yarana biləcək münaqişə vəziyyətinə dair fikirlərinə də toxunub.
O, Prezidentin fikirlərinə istinadla NATO ilə Rusiya arasında baş verə biləcək toqquşmada qalibin olmayacağını, bunun xüsusilə də regiona yaxın dövlətlər üçün təhlükəli vəziyyət yaratdığını bildirib.
“Azərbaycan yeganə ölkədir ki, həm Rusiya, həm də NATO-ya üzv olan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malikdir. Azərbaycan prezidenti Tramp hakimiyyətinin bu halın qarşısını ala biləcəyinə ümidvar olduğunu deyib”.
E.Mirbəşir Prezidentin müsahibəsinə istinadla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı porodoksal yanaşmanın olduğunu ortaya qoyub.
“Bir tərəfdən Azərbaycanla Ermənistan arasında sülh müzakirələri aparır, digər tərəfdən Ermənistanı silahlandırırlar. Ölkə Prezidenti bu vəziyyətin Azərbaycanı düşündürdüyünü, təhlükəli hal olduğunu deyib”.
E.Mirbəşir bu kontekstdə Azərbaycan Prezidentinin Ermənistana və Qərb dairələrinə etdiyi çağırışı önə çəkib.
“Silahlanma yarışında Ermənistan Azərbaycanı üstələyə bilməz. Azərbaycan bütün tədbirləri zamanında görür və Ermənistanın silahlandırması onu acınacaqlı nəticələrə gətirib çıxara bilər. Azərbaycan Ermənistanın təxribatlarının qarşısını almağa hazırdır.
Profesor eyni zamanda Prezidentin ölkədə kənar müdaxilələrin yolverilməz olması ilə bağlı fikirlərə diqqət çəkib. O, Gürcüstanda yaranmış vəziyyətin Qərbin təsiri ilə baş verdiyini, eləcə də əksər QHT-lərin xaricdən maliyyələşdiyini, vəziyyəti öz təsirləri altına saldığını və belə bir halın Azərbaycanda olmasına imkan verilməyəcəyini Rusiya mediası üzərindən dünyaya çatdırıldığını deyib.
“Prezident Azərbaycanın müstəqil oyunçu olduğunu deyib. O, Qərbin Ermənistan üzərindən təsir imkanlarına diqqət çəkməklə, bu gün Avropa müşahidəçilərinin missiyasının regiona yaxşı heç nə vəd etmədiyini açıq mətinlə çatdırıb.
Eyni zamanda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi ilə bağlı razılaşdırılmış maddələr, ölkəmizin prinsipial şərtlərinə diqqət çəkib”.