AZ

“Əgər bu plan baş tutarsa, Ukrayna Rusiya ilə sülh sazişini imzalamaq məcburiyyətində qala bilər”- ŞƏRH

“Tramp administrasiyası və Rusiya arasında Ukrayna savaşının dayandırılması mövzusunda danışıqlar artıq çoxdan başlayıb. Bu siyasi bazarlıq hətta Donald Trampın prezident seçkilərinə hazırlaşdığı mərhələdən başlayıb. Belə ki, Macarıstanın baş naziri Viktor Orban bu məsələdə vasitəçilik missiyasını öz üzərinə götürmüşdü. O əvvəlcə Rusiyaya, ardınca Çinə, ən sonda isə ABŞ-a səfər edərək Donald Trampla görüşmüş və ümumi mövqeləri onla müzakirə etmişdi. İlk təmaslar həmin dövrdən başlayıb”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.

Onun sözlərinə görə, Donald Tramp prezident seçildikdən sonra öz yaxın ətrafındakı bəzi şəxsləri Kremllə səhnə arxası təmaslara yönəltdi:

“Bundan narazı qalan Bayden administrasiyası Trampın bu cəhdlərinin qarşısını almaq üçün Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi verdi. Yəni, Tramp administrasiyasının Ukrayna savaşını dayandırmaq planlarını pozmağa cəhd göstərdi.

Bu proses artıq çoxdan başlayıb. Hətta heç şübhəsiz ki, proses Ukraynanın əleyhinə olan şərtlər daxilində davam etdirilir. Əgər Tramp administrasiyasının reallaşdırmaq niyyətində olduğu Kelloq planı baş tutarsa, Ukrayna ərazi itkilərinə məruz qalacaq. Üstəlik öz ərazilərini nə vaxtsa hərbi yolla geri qaytarmaq hüququnu da itirəcək. Digər tərəfdən Tramp administrasiyası Ukrayna savaşının dayandırılacağı təqdirdə Rusiyaya qarşı beynəlxalq sanksiyaları da ləğv etmək niyyətindədir. Tramp hakimiyyəti Rusiya ilə münasibətləri bərpa etmək planları qurur. Olanlar onu göstərir ki, proses Ukraynanın ərazi itkiləri hesabına cərəyan edir.

Görünən odur ki, rəsmi Kiyevlə bu məsələdə elə də ciddi məsləhətləşmə yoxdur. ABŞ-ın yeni prezidenti Donald Trampın son açıqlaması da bunu sübut edir. Çünki Tramp Ukrayna prezidenti Volodimir Zelenskiyə Rusiya ilə sülh sazişi imzalamağa hazırlaşmağı məsləhət görüb. Bu da o deməkdir ki, yəni Ukrayna sülh şərtləri ilə razılaşsa da razılaşmasa da Rusiya ilə sülh müqaviləsini imzalamaq məcburiyyətində qala bilər. Kelloq planına görə, əgər rəsmi Kiyev Trampın Ukrayna savaşını dayandırmaq cəhdlərinə müqavimət göstərməyə çalışsa, o zaman Ukraynaya qarşı təzyiqlər başladılacaq. Bu təzyiqlər də ilk növbədə Ukraynaya yönəlik bütün hərbi və maliyyə dəstəyinin kəsilməsi ilə start götürəcək. Belə bir vəziyyətdə isə Avropa Birliyi də Ukraynanın hərbi xərclərini maliyyələşdirmək imkanlarını nisbətən zəiflətmiş olacaq. ABŞ-dan, eləcə də Qərbdən maliyyə dəstəyini, yaxud da hərbi dəstəyi itirmiş Ukrayna istənilən halda Tramp administrasiyasının nəzərdə tutduğu şərtlər daxilində Rusiya ilə sülh sazişini imzalamaq məcburiyyətində qala bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
9
editor.az

1Mənbələr