Tbilisi, 19 dekabr, AZƏRTAC
Diplomatik pasport sahibləri üçün vizasız gediş-gəliş haqqında Avropa İttifaqı ilə mövcud razılaşmanın ləğvinin konkret şərtləri var. Diplomatların nəyəsə görə cəzalandırılması düzgün deyil.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili “Rustavi 2” televiziya kanalının efirində deyib. Onun izahatına görə, Gürcüstan Avropa İttifaqı ilə diplomatik pasport sahiblərinin vizasız gediş-gəlişini tənzimləyən saziş imzalayıb: “Onun dayandırılmasının konkret şərtləri var, buna görə də Avropa Komissiyasının dəqiqləşdirməsini gözləməliyik”.
O qeyd edib ki, siyasi baxımdan bu jest çox anlaşılmazdır. Beynəlxalq müqavilələr var. Diplomatik pasportlarla vizasız gediş-gəlişlə məşğul olanda bizimlə Avropa İttifaqı arasında münasibətləri tənzimləyən beynəlxalq normalar var. Diplomatların nəyə görəsə cəzalandırılması prinsipinə gəlincə, bu, hələ heç bir yerdə görünməyən, eşidilməyən bir şeydir. Diplomatlar xüsusi insanlar qrupudur. Onlar imtiyazlardan ona görə istifadə edirlər ki, bu, onların ölkələr arasında münasibətlərdə xüsusi statusunu göstərir.
“Heç yerdə deyilmir ki, beynəlxalq müqavilələr hansısa siyasi məqsədlə ölkəni və ya hökuməti cəzalandırmaq üçün istifadə oluna bilər. Bu müqavilə bunun üçün imzalanmayıb. Ona görə də biz Avropa Komissiyasından alacağımız izahatı gözləməliyik”, - deyə Maka Boçorişvili bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi