AZ

Coşqun Cəbrayılov: "Heydər Əliyev hakimiyyətə gələndən sonra xaos aradan qalxdı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"31 il tarix baxımından qısa dövr deyil. Amma bu müddət ərzində ölkəmiz əsrə bərabər inkişaf yolu keçib".
Oxu.Az xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə "Qalib lider faktoru: Ölkəmizin dünyada artan nüfuzu və yeni reallıqlar" mövzusunda keçirilən konfransda Nizami RİH başçısı Coşqun Cəbrayılov deyib.
O bildirib ki, 1990-cı illərin əvvəlində hökm sürən tənəzzül ölkəni daha ağır duruma salmışdı:
"Beləliklə, onsuz da gərgin olan yaxın qonşular və böyük dövlətlərlə münasibətlər pozuldu. Nəticədə torpaqlarımız işğal edildi, sanksiyalar tətbiq olundu, xalqımız və dövlətimiz ağır duruma düşdü. Əlbəttə ki, bu vəziyyətdə xalqımızın köməyinə 1969-cı ildə olduğu kimi, ulu öndər Heydər Əliyev gəldi. Heydər Əliyev hakimiyyətə gələndən sonra xaos aradan qalxdı, iqtisadi vəziyyət bərpa edildi və sabitlik qədəm qoydu", - icra başçısı deyib.
O əlavə edib ki, 1994-cü ildə Azərbaycanla Ermənistan arasında atəşkəs imzalandı və növbəti mərhələdə - sentyabr ayında əsrin müqaviləsi imzalandıqdan sonra Azərbaycanın inkişaf yolunda iqtisadi dirçəliş oldu:
"Bundan sonra xarici sərmayələr ölkəmizə axmağa başladı. Bu baxımdan, deyə bilərik ki, ulu öndərin müdrik siyasəti yenə də özünü göstərdi. Ən vacibi - ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideyası bu gün də öz töhfəsini verir və bütün dünya azərbaycanlıları qürurla azərbaycanlı olduqlarını deyirlər. Ən əsası isə ulu öndər bizə möhtərəm Prezidentimiz İlham Əliyevi miras qoyub. İlham Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələri inkişaf etdirdi və bu gün Azərbaycan nəinki regionda, Avropada qlobal əhəmiyyətli layihələri reallaşdıran dövlət kimi çıxış edir.
Prezidentin bizə tarixi xidmətlərindən biri də beynəlxalq təşkilatlara üzvlük və Qoşulmama Hərəkatı kimi təşkilata sədrlik olub. Məhz o platformalardan bütün dünyaya Azərbaycanın haqq səsi çatdırılıb, ölkəmizin başına gətirilən işğal, soyqırımı faktları diqqətə çatdırılıb. Uzun müddət Azərbaycana haqq səsini dünyaya çatdırmaq imkan verilməsə də, artıq bu platformalarda Azərbaycanın haqq səsi eşidilir. 2020-ci il sentyabrın 27-də düşmənin təxribatına cavab olaraq əks-hücum əməliyyatı keçirildi və 44 günə o diz çökdürüldü. Bütün dünyaya Azərbaycan xalqı qalib xalq kimi tanıdıldı. Əlbəttə ki, 2023-cü ildə ulu öndərin 100 illiyində müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz antiterror əməliyyatı keçirdi və bu gün bütün ərazilərimizdə şanlı bayrağımız dalğalanır. Biz bunu dəyərləndirməliyik".
Mərahim Nəsib
Seçilən
1
oxu.az

1Mənbələr