\"Bu günki mediamızın ən ağrılı yerlərindən biri saxta xəbərlərlə mübarizə məsələsidir. Çünki , saxta informasiyaları daha çox bu sahədə çalışan şəxslər müəyyən edə bilir, ancaq bütövlükdə əhalinin geridə qalanı saxta informasiyanı ayırd etməkdə bəzən ciddi çətinliklə üzləşir. Bugünki gündə həqiqi və saxta informasiyanı ayırd etmək çox da asan məsələ deyil”.
Bu sözləri AZXEBER.COM-a Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli deyib.
O bildirib ki, son zamanlar ağırlıq yükü çox olan informasiyalara meyl azalıb. Bu da informasiyanı dəqiqləşdirən, hadisə, yaxud hansısa məsələ ilə bağlı daha təfərrüatlı məlumat verməyə çalışan ənənəvi medianı geridə qoyur:
\"Adətən İnformasiya istehlakçıları hadisə baş verəndən dərhal sonra məlumat almaq istəyir. Bu vəziyyət həm də informasiya təhlükəsizliyinə problem yaradır, çünki oxucu, yaxud tamaşaçının rəyi ilk qarşılaşdığı informasiya ilə formalaşır, onların az hissəsi bu informasiyanı dəqiqləşdirməyin arxasınca düşürlər. Nəticədə informasiya kirliliyi yaranır. Bunu obyektiv səbəb adlandırmaq olar, yəni hər şey müasir insanın təlabatı, istəkləri çərçivəsində baş verir. Subyektiv səbəb isə ənənəvi medianın klassik prinsipləri müasir tələblərə uyğunlaşdırmaması, yaxud bunu tam etməməsidir. Misal üçün, hansısa informasiyanı dəqiqləşdirmək zaman alırsa, ənənəvi media əlindəki ilkin informasiyanı təqdim edə, daha sonra dəqiqləşdirmə apara bilər. Hətta ilkin informasiya tam doğru olmasa belə, oxucunu informasiya təhlükəsizliyinə təhdid yaradan mənbələrdən yayındırmağa imkan verə bilər. Yəni, oxucu tam doğru olmasa belə, ilkin yayılan informasiyanı ənənəvi mediada oxuyarsa, orada qala və dəqiqləşdirilən informasiya ilə də tanış ola bilər. Digər səbəb isə ənənəvi medianın sosial şəbəkənin imkanlarından doğru istifadə edə bilməməsidir. Bu, təkcə bizdə yox, dünyanın müxtəlif ölkələrində də belədir”.