Misli Premyer Liqasının 3-cü turundan təxirə salınmış oyununda "Şamaxı" "Qarabağ"a uduzdu.
Offsideplus.az xəbər verir ki, oyundan sonra qonaqların çalışdırıcısı Qurban Qurbanov mətbuat konfransında iştirak etdi.
Mütəxəssis qələbə haqda bunları söylədi:
""Futbolçularımı təbrik edirəm. Gərgin oyun oldu. Son saniyələrdə qələbə qolunu vurduq. Məğlub ola da bilərdik. Rəqib çox ağıllı müdafiə olundu, təhlükəli əks-hücumlara çıxırdı. Hətta qol da vurdular. Çox vacib 3 xal qazandıq. Ayxan Abbasovun komandasına qarşı oynamaq heç vaxt asan olmayıb".
Çalışdırıcı Juninyonun "Qarabağ"dan ayrılmaq ehtimalından da danışdı:
"Özü dedi ki, neçə gündür transfer söhbətlərinə görə az yatıram, oyuna hazır deyiləm. Ona səmimiliyinə görə təşəkkür etdim. Komandadan gedən hər oyunçu mənim üçün problem yaradır. Çünki yeni gələnlərin uyğunlaşması vaxt tələb edir. Bu, işimə mane olur. Amma "Sevilya" kimi klubdan rəsmi təklifin gəlməsi xoşdur. Klubla danışıqlar gedir. Burada "Qarabağ"ın da marağı olmalıdır. Artıq Avropa bazarına çıxmışıq. Böyük Beşlik ölkələrindən təklif gəlməsi irəliyə doğru addımdır. Bundan sonra bizə, çempionatımıza diqqət çox olacaq. Azərbaycan futbolunun Avropa bazarında olması ölkə futbolu üçün böyük addımdır. Biz buna hazır olmalıyıq. Özünün də istəyi var. Başqa çempionatlardan təklif gələndə Juninyonun özünün çox da marağı olmurdu. İndi deyir ki, təklif gələndən sonra sevincimdən yata bilmirdim. Futbolçu getmək istəyir. Bildirib ki, klub anlaşsa, sevə-sevə gedərəm".