Dekabrın 19-da Azərbaycan Baş naziri Əli Əsədov Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşündə iştirak edib.
“Qafqazinfo” xəbər verir ki, Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Baş nazir Əli Əsədovu və Zirvə görüşündə iştirak edən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət və hökumət başçılarını qarşılayıb.
Zirvə görüşündə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin yekdil qərarı ilə Azərbaycanın təşkilata üzv seçildiyi elan edilib.
Zirvə görüşündə çıxış edən Ə.Əsədov diqqətə çatdırıb ki, Prezident İlham Əliyev ilk dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə D-8-in 2017-ci ildə İstanbulda keçirilmiş 9-cu Zirvə görüşündə iştirak edib.
Bugünkü Zirvə toplantısında Azərbaycan nümayəndə heyətinin iştirakının xüsusi tarixi əhəmiyyət daşıdığı bildirilərək, ölkəmizin D-8-ə üzvlüyü ilə bağlı qəbul edilən qərara görə təşkilatın üzv dövlətlərinə minnətdarlıq ifadə edilib.
Bildirilib ki, Azərbaycan təşkilatın təməl prinsiplərinin qorunmasına, D-8 çərçivəsində əməkdaşlığın daha da dərinləşməsinə yaxından töhfə verəcək.
Müasir toqquşmalar və siyasi gərginlik fonunda geniş regionumuzda təhlükəsizliyin və sabitliyin təmin edilməsinin, qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
Bu xüsusda, geosiyasi mövqeyi, geniş iqtisadi potensialı və müasir nəqliyyat infrastrukturu ilə Azərbaycanın özünü etibarlı regional mərkəzlərdən biri kimi təsdiq etdiyi vurğulanıb.
“Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsində əhəmiyyətli rola malikdir”, - deyə Baş nazir bildirib.
Qeyd edilib ki, Azərbaycan bir sıra beynəlxalq təşkilatlara uğurlu sədrlik etməklə yanaşı, qlobal problemlərin həllinə öz töhfəsini verir.
“Ölkəmizin BMT-dən sonra dünyanın ən böyük təsisatı olan Qoşulmama Hərəkatına 4 illik sədrliyi, eləcə də dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən COP29 üzrə sədrliyimiz Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun bariz göstəricisidir”, - deyə Ə.Əsədov əlavə edib.
D-8 dövlət və hökumət başçılarının diqqətinə çatdırıldı ki, Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib.
İşğal zamanı azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, ərazilərimizdə urbisid, kultursid və ekosidin törədilməsi, Azərbaycan xalqının mədəni və dini irsinin məhv edilməsi barədə sammit iştirakçılarına məlumat verilib.
Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, kənd və şəhərlərin tamamilə yenidən qurulduğu bildirilib.
Qeyd edilib ki, yeni reallıqlar regionda davamlı sülh və sabitlik, həmçinin qarşılıqlı faydalı əməkdaşlıq üçün unikal imkanlar açır. Azərbaycan regional sülh gündəliyinə sadiqdir və bu istiqamətdə qəti addımlarını davam etdirəcək.
Dünyada islamofobiya, ekstremizm və radikalizmin artdığı dövrdə, üzv dövlətlərinin əhalisinin ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən D-8 çərçivəsində İslam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.
Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynamış və İslam dünyasının mədəni, dini və sivilizasiya mərkəzlərindən biri olmuş Azərbaycanın multikulturalizm, tolerantlıq mühitinin formalaşmasına, mədəniyyətlərarası dialoqun qurulmasına, İslam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verdiyi diqqətə çatdırılıb.
Suriyada baş verən son hadisələrə toxunan Baş nazir Əsəd rejiminin süqutundan sonra ölkədə sülhün və sabitliyin bərpa olunmasının və vətəndaş qarşıdurmasına son qoyulmasının mütləq dərəcədə vacib olduğunu qeyd edib.
Azərbaycanın Suriyanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi bildirilərək bütün məsələlərin Suriya xalqının iradəsinə uyğun şəkildə və ölkədaxili siyasi dialoq vasitəsilə həll olunacağına ümidvarlıq ifadə edilib.
Vurğulandı ki, Azərbaycan Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasında öz dəstəyini əsirgəməyəcəkdir, bu istiqamətdə praktiki addımların atılması istiqamətində qardaş Türkiyə ilə yaxın təmaslar davam etdirilməkdədir.
Bildirilib ki, müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malik Azərbaycan bundan sonra da İslam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verəcək.
Zirvə görüşündə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın Misirdə fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov iştirak ediblər.