Misli Premyer Liqasının 3-cü turundan təxirə salınan oyunda "Qarabağ" ilə qarşılaşan "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov matçı şərh edib.
QOL.az xəbər verir ki, o, öz meydanlarında 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib:
"Yenə üzücü məğlubiyyət oldu. "Turan Tovuz"a da son dəqiqələrdə qol buraxıb məğlub olduq. Bu gün də həmin şey oldu. Futbolçularım xarakter göstərdi və vuruşdu. "Qarabağ"ın gücünü bilirik, amma, bəlkə də, epizodlardan daha yaxşı istifadə edə bilsəydik, bu gün xal qazana bilərdik. Futbolçularımın göstəriciləridi yaxşıdır. Bunu davam etmək lazımdır. Çətin vəziyyətdəyik. Üç gündən bir oyun olur, heyətimiz də geniş deyil. Bilirəm ki, oyunçularımın üzərinə yük düşür. Təəssüf..."
Mütəxəssis ofsayd səbəbilə ləğv edilən qolları haqda danışıb: "Qol epizodunda çəkilən ofsayd xətti mənə müəmmalı qaldı. Bilirəm ki, xətt çəkildikdən sonra heç nə deyə bilmirik. Amma, məncə, şübhəli məqam idi. Bilmirəm, problem çəkilişdə idi, ya nədə. Amma epizoda baxdım və, mənə görə, ofsayd yox idi. Davam edəcəyik və qarşıdakı oyuna hazırlaşacağıq".