Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil: "Bizi siyahıdan çıxardın"
Suriyanın faktiki lideri Əhməd Əl-Şaraa (Culani) deyib ki, ölkə müharibədən tükənib və nə qonşuları, nə də Qərb üçün təhlükə təşkil etmir.
Hurriyyet.az Musavat.com-a istinadən bildirir ki, Dəməşqdə BBC-yə verdiyi müsahibədə o, Suriyaya qarşı sanksiyaların ləğv olunmasını tələb edib.
“İndi, bütün baş verənlərdən sonra, sanksiyalar ləğv edilməlidir, çünki onlar əvvəlki rejimə qarşı yönəlmişdi. Qurbanla zalımı eyni cür mühakimə etmək olmaz,” – deyə o bildirib.
Əl-Şaraa iki həftədən az bir müddət əvvəl Bəşər Əsəd rejimini devirən ildırımsürətli hücuma rəhbərlik edib. O, üsyançılar ittifaqının əsas qüvvəsi olan Hayat Təhrir əş-Şam (HTŞ) qruplaşmasının lideridir və əvvəllər Əbu Məhəmməd Əl-Colani adı ilə tanınırdı.
O bildirib ki, HTŞ terror təşkilatları siyahısından çıxarılmalıdır. Bu qruplaşma BMT, ABŞ, Avropa İttifaqı, Böyük Britaniya və bir çox digər ölkələr tərəfindən terror təşkilatı kimi tanınır, çünki o, 2016-cı ildə Əl-Qaidədən ayrılmış bir qrup kimi fəaliyyətə başlamışdı.
Əl-Şaraa deyib ki, HTŞ terror təşkilatı deyil. O, mülki əraziləri və ya mülki şəxsləri hədəfə almadıqlarını bildirib. Əksinə, özlərini Əsəd rejiminin cinayətlərinin qurbanı hesab etdiklərini vurğulayıb.
O, Suriyanı Əfqanıstanın bir versiyasına çevirmək istədiyinə dair iddiaları təkzib edib. Əl-Şaraa bildirib ki, bu iki ölkə tamamilə fərqlidir və müxtəlif ənənələrə malikdir. Əfqanıstan qəbilə cəmiyyətidir. Suriyada isə fərqli düşüncə tərzi var.
O qeyd edib ki, qadınların təhsil hüququna inanır:
“İdlibdə səkkiz ildən çoxdur ki, universitetlərimiz fəaliyyət göstərir. Düşünürəm ki, universitetlərdə qadınların sayı 60%-dən çoxdur.”
Alkoqol istifadəsinin icazəli olub-olmayacağı ilə bağlı suala isə belə cavab verib:
“Bu barədə danışmağa haqqım yoxdur, çünki bunlar hüquqi məsələlərdir.”
O əlavə edib ki, Suriyada hüquq ekspertlərindən ibarət bir komitə yaradılacaq və bu komitə yeni bir konstitusiya hazırlayacaq.
“Onlar qərar verəcək. Hər bir hökmdar və ya prezident qanuna tabe olmalıdır.”
BBC yazır ki, müsahibə boyunca Əl-Şaraa sakit görünürdü, mülki geyimdə idi və qrupunun keçmiş radikal mövqelərindən ayrıldığına inandırmağa çalışırdı.
Lakin bir çox suriyalı onun sözlərinə inanmır.
Suriyanın yeni rəhbərlərinin qarşıdakı aylarda atacağı addımlar ölkənin necə bir dövlətə çevriləcəyini və onların bu ölkəni necə idarə edəcəklərini göstərəcək.