“Azərbaycan böhrandan təsirlənən Fələstin xalqına humanitar yardım göstərmək məqsədilə 2 milyon ABŞ dolları ayırıb”.
“Qafqazinfo” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Qahirədə “Fələstin və Livanda vəziyyət” adlı xüsusi sessiyada çıxışı zamanı deyib.
“Bundan əlavə, Azərbaycan Fələstində 600 şagirdlik məktəbin inşasına da vəsait ayırmışdır.
Fələstin xalqına humanitar yardımın göstərilməsi istiqamətində Azərbaycan tərəfindən bölgənin digər dövlətləri ilə yaxın təmaslar davam etdirilir.
Biz bundan sonra da böhranın humanitar fəsadlarının aradan qaldırılmasında öz səylərimizi əsirgəməyəcəyik” , -Əli Əsədov qeyd edib.
Baş nazir bildirib ki, humanitar yardımlardan əlavə, Azərbaycan Fələstinə beynəlxalq dəstək əldə etmək üçün də öncül rol oynamaqdadır:
“Bu xüsusda, biz bir neçə yüksək səviyyəli tədbirə ev sahibliyi etmişik. Bunların arasında İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin yaradılması və Qüdsün inkişafını dəstəkləmək məqsədilə Donor Konfransını xüsusi qeyd etmək istərdim”.