Əli Mustafa: “Belə görünür ki, ermənilər Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər”
Ermənistan baş nazirinin müavini Mher Qriqoryan erməni mediasına açıqlamasında Zəngəzur dəhlizinin açılmayacağını bildirib.
Qriqoryan Zəngəzur dəhlizini Ermənistan üçün qırmızı xətt hesab edir: “Biz bir neçə dəfə təkrar etmişik ki, qırmızı xətlər var və onları keçmək sadəcə mümkün deyil. Mən bu termini müzakirə və şərh etmək belə istəmirəm, belə bir şey olmayacaq”, – deyə o, jurnalistlərə bildirib.
Qriqoryan deyib ki, Ermənistan ölkənin suverenliyinin pozulmasına yol verməyəcək. Kommunikasiyaların açılması isə yalnız Ermənistanın ərazi bütövlüyü çərçivəsində baş tutacaq. Erməni tərəfi Zəngəzur dəhlizi məsələsində mövqeyini yumuşaltmaq əvəzinə, əksinə, daha da sərtləşdirir.
“Odur ki, erməni tərəfi belə qeyri-müəyyən və ziddiyyətli açıqlamalar verir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri Əli Mustafa hesab edir ki, Qriqoryanın belə bir açıqlama ilə çıxış etməsi gözlənilməz oldu: “Əslində münasibətlərin bir qədər dəyişməsi, günü-gündən dinamikanın barış istiqamətində olması gözləndiyi halda, o, tamamilə tərsinə bir açıqlama ilə çıxış edir. Çünki biz bu günlərdə Delimitasiya Komitəsinin toplaşacağı ilə bağlı məlumatı izlədik. Bu baxımdan normalda əgər sərhədlər müəyyənləşirsə, sülh sazişinin imzalanması istiqamətində danışıqlar gedirsə, o zaman Zəngəzur dəhlizinin açılması istiqamətində də bir hərəkətlənmə olmalıdır. Yəni kommunikasiyaların açılması ilə bağlı müsbət dinamika olmalıdır. Ümumilikdə, regionda sabitlik, sülh sazişi istəyiriksə, bütün bunlar hamısı bir paketdə olmalıdır. Yoxsa biz Ermənistana təhlükəsizlik zəmanəti verəcəyik, o da bizim Naxçıvana gedən yolumuzu bağlayacaq. Bu artıq anlaşma olmur, sülh olmur. Əksinə, proseslər dalana dirənir. Odur ki, bu açıqlama anlaşılmazlıqdır və Ermənistan tərəfi bunu aydınlaşdırmalıdır. Orada Ermənistanın ərazi bütövlüyündən, suverenliyindən, qırmızı xətdən danışır. Məgər Zəngəzur dəhlizinin açılması Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozur? Əksinə, bütün cəhdlər o istiqamətdədir ki, Ermənistanın ərazi bütövlüyü və suverenliyi qalmaq şərti ilə Naxçıvanın Azərbaycanın materik hissəsi ilə əlaqəsi yaransın. Üstəlik, burada orta yolun açılmasından söhbət gedir. Çox güman ki, burada böyük dövlətlərin, region dövlətlərinin hələ yekun qərarı yoxdur. Zəngəzur dəhlizinə, Orta Dəhlizə kim nəzarət edəcək məsələsi həll olunmayıb. Ona görə də Qriqoryan belə ziddiyətli və anlaşılmaz açıqlama ilə çıxış edir. Belə görünür ki, ermənilər Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmirlər. Qərbin də nəzarət etməsi üçün hələ boşluqlar var və bunun üçün çox şeylər edilməlidir. Odur ki, erməni tərəfi belə qeyri-müəyyən və ziddiyətli açıqlamalar verir. Sanki ermənilər bununla zaman qazanırlar. Bu həm də daha çox onların gələcək ağalarının kim olması ilə bağlıdır”.
Vidadi ORDAHALLI