Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qahirədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci Zirvə görüşü çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
H.Fidan Azərbaycanın inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilməsi münasibətilə təbriklərini çatdırıb.
Görüşdə iki ölkə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, Suriyada cari vəziyyət və ölkələr arasında mümkün əməkdaşlıq sahələri, eləcə də Suriyada humanitar yardım istiqamətində planlar müzakirə edilib.
Bayramov görüşlə bağlı “X” hesabında paylaşım edib.
“Bu gün, Qahirədə İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI sammiti çərçivəsində dostum və qardaşım, Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə faydalı müzakirə apardıq. Türkiyənin təşəbbüsü ilə yaradılmış, böyük siyasi və iqtisadi əhəmiyyətə malik D-8-ə Azərbaycanın üzvlüyünün Təşkilata əlavə güc qatacağı vurğulanıb. Suriyada vəziyyətin sabitləşməsinin əhəmiyyəti vurğulanıb, Suriya istiqamətində humanitar yardım məsələləri nəzərdən keçirilib”, – deyə nazir vurğulayıb.