Berlin, 19 dekabr, AZƏRTAC
Almaniya parlamenti - Bundestaq Federal Konstitusiya Məhkəməsinin müstəqilliyinin hüquqi təminat altına alınmasını nəzərdə tutan konstitusiya dəyişikliyini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Məhkəmənin strukturu ilə bağlı bəzi nizamlamaların Konstitusiyada əksini tapmasını nəzərdə tutan dəyişiklik Sosial Demokrat (SPD), Yaşıllar, Xristian Birlik (CSU/CSU) və Azad Demokrat partiyaları (FDP) üzvlərinin səsləri ilə qəbul olunub.
Bu dəyişiklik Konstitusiya Məhkəməsinin strukturu ilə bağlı bəzi prosedurların Əsas Qanunda əksini tapmaması nəticəsində yaranan mübahisələrin aradan qaldırılması məqsədi daşıyır. Belə ki, həmin prosedurların dəyişdirilməsi üçün parlamentdə "sadə səs çoxluğu" kifayət edirdi.
Yeni dəyişiklik antidemokratik siyasi müdaxilələrə qarşı Konstitusiya Məhkəməsinin mövqeyinin daha da gücləndirilməsinə imkan verir. Bununla Konstitusiya Məhkəməsi ilə bağlı struktur dəyişikliklərinin Bundestaqda təsdiqlənməsi prosesi daha da çətinləşdirildi. Ölkədə Konstitusiya dəyişikliyi üçün Federal parlamentdə üçdə iki səs çoxluğu təmin edilməlidir.
Dəyişiklik həm də gələcəkdə radikal partiyaların Konstitusiya Məhkəməsinə siyasi təsirinin və Məhkəmənin müstəqilliyinə təhdid yarada biləcək addımlarının qarşısının alınmasına xidmət edir.