Bakı, 19 dekabr, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmovun 85 illik yubileyinə həsr olunmuş “Çağdaş media təhsili: nəzəriyyədən təcrübəyə” adlı dəyirmi masa keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova Akif Rüstəmovun fəaliyyətinin 55 yaşlı Jurnalistika fakültəsi ilə yaşıd olduğunu deyib. O qeyd edib ki, yüksək insani keyfiyyətlərə malik Akif Rüstəmov 10 ilə yaxın müddətdə Jurnalistika fakültəsinin dekanı işləyib, daim tələbələrin hamisi, dostu kimi tanınıb: “Ömrünü gənc jurnalistlərin peşə hazırlığına həsr etmiş Akif müəllim həm tələbələrin, həm də fakültə kollektivinin çox sevdiyi, hörmət etdiyi bir insandır. Onun tələbələrə münasibəti təkcə müəllim-tələbə münasibəti deyil, övlad münasibətidir. Yüksək peşəkarlıq, sadəlik, xeyirxahlıq və dürüstlük Akif müəllimin pedaqoq kimi əsas cəhətləridir”.
Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli Akif Rüstəmovu fakültənin böyük ustadları Nəsir İmanquliyev, Şirməmməd Hüseynov tərəfindən əsası qoyulan təmizlik ənənələrinə sadiq insan kimi səciyyələndirib. Qeyd edib ki, jurnalistikanın nəzəriyyəsi ilə bağlı çoxsaylı araşdırmaları, elmi məqalələri və kitabları olan Akif Rüstəmov bu biliklərin tələbələrə aşılanması istiqamətində böyük səy göstərib: “Professorun saxta xəbərlərin aşkara çıxarılması, araşdırılması və mediada etik prinsiplərə riayət olunması ilə bağlı araşdırmaları bu gün də gənc jurnalistlərin köməyinə yetir”.
Daha sonra Akif Rüstəmovun həyat yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.