19 dekabr 2024-cü il tarixində “Rabitəbank”, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) xətti ilə verilən ilk kreditin müqaviləsini “Alizadeh” MMC ilə imzalayıb. Bu mühüm addım həm Azərbaycanda kiçik və orta bizneslərin (KOB) ticarət maliyyələşdirmə ehtiyaclarını qarşılamaq, həm də İslam qaydalarına uyğun maliyyə həllərinin inkişafına dəstək olmaq məqsədini daşıyır.
Müqavilənin imzalanma mərasimi “Rabitəbank”ın İdarə Heyəti sədrinin 1-ci müavini Orhan Gültekinin, həmçinin “Alizadeh” MMC-nin direktoru Kazım Mustafazadənin iştirakı ilə baş tutub.
Mərasimdə çıxış edən Orhan Gültekin qeyd edib ki, bu kredit müqaviləsi, yalnız “Rabitəbank”ın fəaliyyətindəki mühüm bir mərhələ deyil, həm də İslam Korporasiyasının (ICD) Azərbaycandakı maliyyə xidmətləri bazarını genişləndirmək məqsədinə xidmət edir: “Rabitəbank” olaraq, ölkəmizin maliyyə sistemində yeni imkanların yaranmasına dəstək olmağı və yerli sahibkarların inkişafını təmin etməyi öz vəzifəmiz hesab edirik”.
“Alizadeh” MMC-nin direktoru Kazım Mustafazadə öz çıxışında “Rabitəbank ilə imzalanan müqavilənin onların ticarət fəaliyyətlərini və mövqelərini gücləndirəcəyini qeyd edib. Eyni zamanda o vurğulayıb ki, bu imkan yalnız “Alizadeh” MMC üçün deyil, həm də ölkə iqtisadiyyatının inkişafı üçün çox önəmlidir.
Qeyd edək ki, “Rabitəbank”ın Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə əməkdaşlığı Azərbaycanda İslam qaydalarına uyğun maliyyə həllərinin genişləndirilməsi və yerli müəssisələrin beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində mühüm addımdır.
Hazırda “Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 75 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə öz müştərilərinə ən müasir standartlar səviyyəsində geniş spektrli bank xidmətləri təqdim edir.