AZ

Saxta erməni “tarixşünaslığının” ifşası və azərbaycançılıq ideyası...

Image

Azərbaycan əraziləri Ermənistanın işğalında olduğu 30 il müddətində şəhər, rayon və kəndlərimizdə tarixdə analoqu olmayan vandalizm aktları, vəhşiliklər, ekosid, kultsid cinayətləri törədilib. 

Ermənilər ərazilərimizdə kəndlərin, qəsəbələrin, rayonların, şəhərlərin adlarını dəyişdilər, toponimlərimizi, yer-yurd, dağ, çay, göl adlarını erməniləşdirdilər, abidələrimizi, tariximizin, mədəniyyətimizin hər sahəsinə, istiqamətinə qarşı təcavüz etdilər. Elə abidəmiz yoxdur ki, onun üzərində erməni vandalizminin təzahürü olmasın. 

Məlum olduğu ki, Ağdam, Füzuli kimi şəhərlərimizdə daşı-daş üstə qoymadılar, dağıdıb viran qoydular. Bu gün Ağdama, Füzuliyə yolumuz düşəndə oradakı dəhşətli mənzərəni ürəkağrısı ilə seyr edirik. Vəhşi erməni qəbiləsinin törətdiyi kultsid cinayətlərinin, xüsusən də xristainlıq dövrü abidələrimizi, məbədlərimizi mənimsəmək məqsədilə həyata keçirdiyi saxtalaşdırma işləri tamamilə ifşa edilib. Beynəlxalq birlik buna hələ reaksiya verməyə tələsməsə də, Azərbaycan öz tərəfindən lazımı mövqeyi açıqlayıb. O abidələrin, o maddi-mədəni irsin hər birinin Azərbaycan xalqının əcdadları tərəfindən ərsəyə gətirildiyi məlum olsa ada,  amma təəssüf ki, ermənilər onu başqa şəkildə təbliğ etdilər. Bu gün isə artıq dörd ildir ki, ərazilərimiz işğaldan azaddır və o torpaqlarda mədəni dirçəliş prosesi gedir. 

Ermənizmə qalib gələn azərbaycançılıq...

Azad ərazilərimiz tarixən azərbaycançılığın bütün izlərini, elementlərini əks etdirən ərazilər olub və indi də o cürdür. Tarixi ədalətin bərpa olunması onu göstərdi ki, azərbaycançılıq ermənizmə qalib gəldi və saxta erməni “tarixşünaslığını” məğlub etdi. Azərbaycançılıq mütərəqqi bir ideyadır, bütün xalqlara, dinlərə, mədəniyyətlərə hümanizm nöqteyi-nəzərindən yanaşır və eyni zamanda xalqımızın dəyərlərini, tarixini müdafiə edir, qoruyur.      

Bildiyimiz kimi, azad ərazilərimizdə İşğal və Zəfər muzeyləri inşa olunur. Heç şübhəsiz ki, bu muzeylərdə Azərbaycan tarixinin faciəvi səhnələri eksponatlarla əks olunacaq. Həm yaradılan bu muzeylər, həm bərpa olunan abidələr Azərbaycançılıq ideyasının təbliğində mühüm rol oynayan numunələrdir. O abidələr xalqımızın milli ideologiyasını, məfkurəsini canlandırır. 

Zəfər və İşğal muzeyləri azərbaycançılığın ünvanı olacaq...

Bildiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə azad ərazilərdə erməni vəhşiyini əyani təcəssüm etdirən İşğal, qələbəmizi ifadə edən Zəfər muzeyləri inşa olunur. Bu muzeylər Ağdamda, Zəngilanda, Kəlbəcərdə, Laçında və başqa azad rayonlarımızda yaradılır. Zəfər və İşğal Muzeyləri sözün həqiqi mənasında tariximizin, xüsusən də tariximizdə yer tutan qanlı hadisələrin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün əsas ünvanlardan biri olacaq. Dünya bu muzeylərin təqdim etdiyi canlı nümunələrə baxıb görəcəklər ki, erməni vəhşiliyi hansı formadadır. Təbii ki, bu muzeylər özündə Azərbaycan xalqının tarixini, qələbə hadisəsini, başlıcası isə Azərbaycançılığı ifadə edəcək.

Qeyd edək ki, Zəfər Muzeyi  Azərbaycan   Prezidentinin 03 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulan abidə-kompleksidir. Əlbəttə, bu muzey 44 günlük Vətən müharibəsində ordumuzun və xalqımızın qəhrəmanlığını, birliyini özündə ifadə edəcək.

Məlumat üçün bildirək ki, təcavüzə məruz qalan ölkələrin çoxunda İşğal muzeyləri də yaradılıb və onlar həmin ölkələrin işğal tarixini əks etdirir. Dediyimiz kimi, Azərbaycanda da bu istiqamətdə işlər görülür. 

Bildirək ki, 2022-ci il iyunun 26-da Prezidenti İlham Əliyev Kəlbəcər şəhərində İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Qeyd edək ki, Ağdam, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarından sonra Kəlbəcər rayonunda da Zəfər və İşğal muzeyləri yaradılır. 

2023-cü il may ayının 28-də Prezident İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak etdi.

Qeyd olunur ki, Azərbaycanın otuzillik erməni işğalından azad olunmuş Şərqi Zəngəzur və Qarabağ bölgələrində əzəli yurd yerlərimiz vandalizmə məruz qalıb, tarixi-mədəni mirasımız yerlə-yeksan edilib. Prezident İlham Əliyevin tapşırığına əsasən, işğaldan azad edilmiş rayon və şəhərlərdə İşğal və Zəfər muzeyləri kompleksləri yaradılır. Belə muzey komplekslərindən biri də Laçında yaradılır.

Laçın rayonunda yaradılan kompleks İşğal və Zəfər muzeylərindən, dağıntıların nümayiş etdiriləcəyi memorial parkdan ibarət olacaq. Kompleksin loqosu əsrarəngiz gözəlliyə və təbii zənginliklərə malik Laçın rayonu ərazisində geniş yayılmış ardıc ağaclarını simvolizə edir.

Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən və Azərbaycanın haqq səsini dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Məlum olduğu kimi, Ağdam erməni vandalizmindən daha çox əziyyət çəkən bir rayondur və bu rayonda Zəfər muzeyi və açıq hava altında İşğal muzeyi yaradılır. Ağdamda erməni vandalizminin izinə hər adımda rast gəlinir və açıq hava altında İşğal Muzeyinin fəaliyyətə başlaması bu vandalizm aktlarının dünyaya yayılmasında mühüm rol oynayacaq. Ağdamda yaradılan bu muzeydə əsas diqqət şəhərin məhvinə yönəldiləcək. 

Bütün hallarda bu muzeylər erməni işğalçılığını, vandalizmini, erməni saxtakarlığını ifşa etmək sahəsində çox mühüm rol oynayacaq. 

Əlbəttə, burada gerçək tariximiz təbliğ olunacaq. Bu isə azərbaycançılığın tariximizdə, həyatımızda, muzeylərimizdə tərənnüm edilməsi demək olacaq.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Seçilən
17
baki-xeber.com

1Mənbələr