AZ

"AQA şirkətlər qrupu"nun təsisçisi azərbaycanlılardan üzr istəyib

"AQA şirkətlər qrupu"nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi, ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə vurulan böyük ziyana görə üzr istəyib.

"Biz əməkdaşlarımızın diqqətsizliyini onların peşəkarsız və məsuliyyətsiz davranışı ilə əlaqələndiririk. Buna görə ictimaiyyətdən üzr istəyirəm və söz verirəm ki, həmin torpaqlarda ağaclar əkiləcək, meşə örtüyü tam bərpa olunacaq. Bu işi artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə başlamışıq. Ölkə ictimaiyyətini görülən tədbirlər və işlər barədə mütəmadi olaraq məlumatlandıracağıq," –  Dəmirçi bildirib.

Aydın Dəmirçinin oğlu Qafar Dəmirçi DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.
 
İttiham aktına əsasən, onun rəhbərlik etdiyi Monte Ferro şirkəti, Şəki ətrafındakı iki kəndin meşə massivlərində müxtəlif növ ağacları qanunsuz kəsib. Ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.3-cü maddəsi ("Ağacların kəsilməsi – əvvəlcədən razılaşmış qrup tərəfindən əhəmiyyətli ziyana səbəb olma") ilə ilkin ittiham irəli sürülüb.

" AQA şirkətlər qrupu"na  Demirchi Tower, AGA İş Mərkəzi, Ariana Business Park, Caspian Business Center, Lotfi Zadeh Texnologiyalar Mərkəzi və digərləri daxildir. Bundan başqa, şirkət maliyyə (Ferrum Kapital və Caspian Audit), kənd təsərrüfatı (AGA Agro, Monte Ferro), informasiya texnologiyaları (Bravo Online Systems), turizm və otelçilik (Da Vinci və Caspian Palace) sahələrində fəaliyyət göstərir.
 
N.Təbrizli

www.anews.az
Seçilən
19
anews.az

1Mənbələr