AZ

“Zəncirli köpəkləri”ni, “yalançı dördlük”ləri üstümüzə salanlar bilməlidirlər ki...

Azərbaycanın güclənməsi, müstəqil siyasət yeritməsi, beynəlxalq və regional mövqelərini gündən-günə möhkəmləndirməsi ölkəmizi öz təsir dairəsində saxlamağa can atan, onu boyunduruq altında görmək istəyən gücləri ciddi narahat edir. Məhz həmin qüvvələr, anti-Azərbaycan mərkəzlər ölkəmizə təzyiq göstərmək istiqamətindəki fəaliyyətlərində məkrli vəsitələrdən istifadə edir, çirkin məqsədlərini reallaşdırmaq üçün muzdlu nökərlərini, dövlətimizin başçısının bildirdiyi kimi, “zəncirli köpəkləri”ni üstümüzə salırlar.

Heç kimə sirr deyil ki, məhz Qərbdəki məlum dairələrin tapşırığı ilə uzun illərdən bəri Azərbaycana qarşı qərəzli münasibəti ilə tanınan, ermənipərəst mövqelərini gizlətməyən bəzi beynəlxalq qurumlar, xüsusilə də erməni lobbisi ilə sıx işbirliyində olan “Freedom House”, “Human Rights Watch” və digərləri məhz həmin qərəzli dairələrin tapşırığı ilə son zamanlar ölkəmizə qarşı apardıqları ləkələmə kampaniyasının miqyasını daha da genişləndiriblər. Erməni lobbisinin çirkli pulları ilə bəslənən bu cür qərəzli təşkilatlar “insan haqları”, “söz azadlığı”, “vətəndaş cəmiyyəti” məfhumlarından   bu gün də ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. 

Öz geosiyasi maraqlarına görə dünyanın ayrı-ayrı bölgələrində, eləcə də Cənubi Qafqazda xaos, qeyri-sabitlik, qarşıdurma yaratmaq istəyənlər USAID, NED, Fridrix Nauman, Marşall, İREX OCCRP və digər bu kimi təşkilatlardan ayrı-ayrı ölkələrin siyasi hakimiyyətlərinə qarşı təzyiq vasitəsi kimi istifadə ediblər. Azərbaycana qarşı xain planlar quran məkrli qüvvələr həmin təşkilatların vasitəsilə cəmiyyətdə narazılığın artırılmasını, gərginliyin yaradılmasını əsas xətt kimi müəyənləşdiriblər. Bütün bunlar dəfələrlə təkzibolunmaz dəlillərlə sübut olunub.

O da yaxşı məlumdur ki, bütün bəşəriyyəti narahat edən iqlim dəyişmələrinə həsr olunan mötəbər bir tədbirin- COP29-un davam etdiyi günlərdə bir sıra Qərb mediasında siyasi kontekstdə Azərbaycana qarşı açıq-aşkar mənfi tendensiya müşahidə olunurdu. Qərəzkar dairələr, eləcə də erməni lobbisi həmin vaxt Bakıda COP29-un keçirilməsinə mane olmaq üçün Azərbaycana qarşı qarayaxma kampaniyasında bütün dünyanın yaxşı tanıdığı lobbiçilərindən, bəzi xarici media orqanlarından məharətlə istifadə edirdilər. Prezident İlham Əliyev dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində bununla bağlı bildirib: “Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” - “Washington Post”, “New York Times”, “Figaro” və “Le Monde”. Bax, bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər. Hər gün məqalələrin sayı yəqin ki, minimum 20-dən çox olurdu. Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu”.

Məkrli planlarını işə salan Qərbdəki güc mərkəzlərinin nəzarətində olan təşkilatların Azərbaycanda insan haqlarının qorunması ilə bağlı reallığı əks etdirməyən iddialar, bəyanatlar səsləndirmələri heç də təsadüfi deyil. Dekabrın 4-də Avropa İttifaqının, Böyük Britaniyanın, İsveçrənin, ABŞ-ın ölkəmizdəki səfirliklərinin Azərbaycanın hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyətinin, mətbuat nümayəndələrinin, ictimai fəalların iştirakı ilə təşkil etdikləri qəbulda respublikamızda insan haqları ilə bağlı əsassız iddialar və ittihamlar səsləndirmələri bir daha təsdiq edir ki, onlar hələ də öz məkrli niyyətlərindən və sərsəm iddialarından əl çəkməyiblər.

Erməni lobbisinin və ermənipərəst dairələrin nəzarətində olan bir sıra beynəlxalq təşkilatların, o cümlədən “Amnesty International”ın, “Sərhədsiz Reportyorlar”ın bütün diplomatları dekabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində başlayan “Abzas Media”ya qarşı məhkəmə prosesində iştirak etməyə, eləcə də Azərbaycan hökumətini bir daha “Abzas Media” və digər həbs edilən jurnalistləri azad etməyə  çağırmaları bunun əyani təsdiqidir.

Şübhəsiz, Qərbdəki məlum dairələrin və bədxahlarımızın nəzarətlərində olan media orqanları, bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, eləcə də ölkəmizdə qurduqları agentura şəbəkəsi vasitəsilə Azərbaycana hücum, təzyiq, qarayaxma və gözdənsalma kampaniyası heç bir nəticə verməyəcək. İctimai-siyasi sabitlik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunda uğurla irəliləyən Azərbaycana qarşı xaricdən idarə olunan manipulyasiya, təhdid və təzyiq kampaniyası tezlikllə fiaskoya uğrayacaq.

Zahid Rza, “İki sahil”

Seçilən
34
3
ikisahil.az

10Mənbələr