Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman, Elm və Təhsil, Səhiyyə nazirlikləri və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib. Öncə könüllülər tərəfindən musiqi nömrələri və süni intellekt vasitəsi ilə hazırlanmış şəkillərdən ibarət sərgi nümayiş etdirilib. Pantomima teatrının aktyorlarının ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşası izlənilib. Könüllülərin fəaliyyətindən bəhs edən və COP29-la bağlı təəssüratlarından ibarət video çarxlar nümayiş olunub.
Çıxışında COP29-a ölkəmizin uğurlu ev sahibliyi etməsinə diqqət çəkən AQUPDK-nin sədri Bahar Muradova Azərbaycanın yaşıl dünya naminə həyata keçirilən fəaliyyət çərçivəsində özünəməxsus təcrübəsinin olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan Tərəflər Konfransının üzvü kimi ekoloji proseslərə öz töhfəsini verməklə yanaşı, həm də milli töhfələri vahid bir məcraya yönəltməkdə və hər kəsi əhatə edəcək fəaliyyət planlarını icra etməkdə öncüllük etməyə davam edəcək. Könüllü gənclərin COP29 fəaliyyətinə böyük həvəslə qatıldıqlarını vurğulayan sədr, onların bu prosesə töhfə verməyə çalışdıqlarını deyib.
Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib. Bu proqramların davamlılığının təmin olunması üçün əlaqədar qurumlarla birgə fəaliyyət birliyinin yaradılmasının əhəmiyyətini vurğulayan B.Muradova bu təşəbbüsün Azərbaycanın insan kapitalı və onun inkişafının təmin edilməsinə yönəldiyini deyib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov təbiətin mühafizəsi, flora və faunanın, eləcə də biomüxtəlifliyin qorunması, sağlam qidalanmanın təmin edilməsi, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. O, inkişaf etmiş ölkələrdə texnologiyanın və sənayenin yüksək inkişafının fəsadları haqqında məlumat verib. Müəllimlər üçün yaşıl gələcək, ekoloji tarazılıq mövzularını özündə əks etdirən xüsusi metodiki tədris vəsaitlərinin hazırlandığını və tədris ilinin ilk dərsinin məhz yaşıl dünya naminə həmrəylik ilinə həsr edildiyini diqqətə çatdırıb.
Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini, xüsusilə vurğulayaraq, onların keçirilən tədbirlərə verdiyi mühüm töhfələri qeyd edib. Bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazılığı qorumalıyıq. İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdr. Səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. Qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. O, könüllü gənclərin maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb. Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq, ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə edildiyini deyib. COP29-qəbul elanından sonra 16 min gəncin qediyyatdan keçdiyini, 3 min gəncin isə iştiraka cəlb edildiyini diqqətə çatdırıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev toplantılarda könüllülərin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsini yüksək qiymətləndirib. COP29 dövründə əvəzsiz və aktiv fəaliyyət göstərdikləri üçün könüllülərə təşəkkür edib.
Sonda könüllülərin dövlət rəsmilərinə ünvanladığı suallar cavablandırılıb. Görüşü təşkil edən qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib.
Zərifə BƏŞİRQIZI
XQ