Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli plenar iclası ölkəmizə qarşı növbəti qətnamə qəbul edib. Qətnamədə adəti üzrə saxta məlumatlara və rəqəmlərə istinad edilir, reallıqlar təhrif olunur, qanunların pozulmasına gətirib çıxarmış cinayət əməllərinin təhqiqatına siyasi don geyindirilməyə cəhd göstərilir. Milli Məclisin Avropa Parlamentinin 2024-cü il 19 dekabr tarixli qətnaməsinə bu münasibətin davamında bildirilir:
“Azərbaycanda bütün əsas hüquq və azadlıqların tam şəkildə təmin olunduğu, o cümlədən qanunvericiliyin tələblərinə riayət edilməsinin zərurət olduğu bir gerçəklikdir. Belə olan halda, Avropa Parlamentinin ölkəmizin daxili işlərinə müdaxilə edən bu sənədi başqa məqsədləri ön plana çıxarır.
Bu qətnamənin Azərbaycana qarşı xeyli müddətdir davam edən iftira və böhtan kampaniyasının tərkib hissəsi olduğu şübhə doğurmur. Bu mənada, azərbaycanofob, türkofob və islamofob qüvvələrin cəmləşdiyi Avropa Parlamenti də bu kampaniyaya mütləq öz “töhfə”sini verməli idi. Qətnamənin nə dərəcədə qərəzli olduğunu anlamaq üçün təkcə belə bir faktı qeyd etmək lazımdır ki, ölkəmizin ərazisində insanlıq əleyhinə cinayət törətməkdə təqsirləndirilən keçmiş separatçı rejimin nümayəndələri və terrorçular bu sənəddə “erməni hərbi əsirlər” kimi təqdim olunur.
Müşahidələr onu göstərir ki, Fransa, Ermənistan və erməni lobbisinin sifarişlərinin dərhal icrası bu gün Avropa Parlamentinin siyasi simasının xarakterik cizgisidir. Avropa Parlamentində aparılan müzakirələr və qəbul olunan sənədlər digər ölkələrin daxili işlərinə kobud müdaxilə alətinə çevrilib. Lakin bu qurum özünün qeyri-obyektiv mövqeyinin və saxta məlumatları rəsmiləşdirən qətnamələrinin artıq heç bir maraq doğurmadığını yaxşıca dərk etməlidir.
Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin qeyri-obyektiv və qərəzli qətnaməsini qəti şəkildə rədd edir. Hesab edirik ki, ciddi problemlərlə üzləşmiş Avropa qitəsinin bu gün öz qanunvericilərinin həmin problemlərin həllinə diqqət yönəltməsinə daha çox ehtiyacı var”.
XQ