"Ölkəmizin ictimai rəyində hökmranlıq etmək, rəqəmsal suverenliyimizi pozmaq və dövlət adamlarını linç edərək xalqı hakimiyyətin üstünə qaldırmaq istəyənlərlə savaşmaq Ermənistan ordusu ilə döyüşmək deməkdir".
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Zahid Oruc deyib.
Millət vəkili qeyd edib ki, torpaqlarımız kimi informasiya məkanımızı da işğaldan azad etməliyik:
"Qədim Romadan miras qalan “Parçala və hökm sür” imperiya siyasətini rəqəmsal əsr üçün yeniləyib, “Sındır, Sızdır, Parçala” hökmü ilə əvəzləyiblər".
Z.Oruc Rəccəb Tayyib Ərdoğanın müasir dövrdə dövlətlərin suverenliyinin fiziki sərhədlərdən çox informasiya məkanında hücuma məruz qaldığını, dənizdə mavi vətən olduğu kimi, rəqəmsal dünyadakı kibervətəni qorumağın vacibliyini vurğuladığını diqqətə çatdırıb.
Onu da vurğulayıb ki, sabiq prezident Armen Sarksiyan “Ermənistan kiçik dövlət, qlobal millətdir” deyərkən, müharibənin torpaqlardan daha çox digər meydanlarda getdiyini göstərir:
"Ona görə də aprel ayında xarici terror mediasının təmsilçilərini legitim hədəflər kimi zərərsizləşdirməyə çağırarkən hərbi meydanda qazandığımız Qələbəni informasiya səngərində də qorumalı olduğumuzu vurğulamışdıq. Biz 44 gündə olduğu kimi, “Vətən informasiya müharibəsi” aparmalıyıq, lakin bu savaşın silahı tanklar, toplar, raketlər deyil, sözdür, qələmdir, klaviaturadır, virtual tribunalar və səngərdir".
Deputat sonda Türk dövlətləri arasında informasiya məkanını qorumaq üçün Bakı bəyənnaməsi imzalanmasını təklif edib:
"Dünyanın harasında bizə qarşı cəbhə açırlarsa, ora bizim üçün Şuşa olmalıdır!".
Firuzə Əliyeva