AFFA-nın İntizam Komitəsi U-17 Liqasında keçirilən “Araz-Naxçıvan” – “Qəbələ” oyununda yaşananlara hüquqi qiymət verib.
Fanat.Az xəbər verir ki, xoşagəlməz olaylar qarşılaşmanın 89-cu dəqiqəsində yaşanıb.
Naxçıvan təmsilçisinin futbolçusu Həsən Lətifov təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb. “Qəbələ”nin futbolçuları Hüseyn Xasməmmədli, Rəhman Şirinov və Tunar Mehdiyev hakimi təhqir etdiklərinə görə qırmızı vərəqə ilə cəzalandıqları üçün hərəsi 4 matçlıq diskvalifikasiya olunublar. Qonaq komandanın rəsmisi Ayxan Cəfərzadə meydana daxil olaraq rəqib məşqçini vurmağa cəhd edib. Buna görə qırmızı vərəqə alan klub nümayəndəsi 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib.
“Araz-Naxçıvan”ın heyətində protokolda adı olmayan futbolçu meydançaya çıxdığına görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.