AZ

Rusiyada çoxarvadlılığa icazə verildi

Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar (alim və ilahiyyatçılar) Şurası müsəlman kişilərə ədalətli və bərabər davranmaları şərti ilə dörd arvadla dini evliliyə icazə verdi.

“Cebheinfo.az" “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müsəlmanları Ruhani İdarəsinin (DUM) Üləmalar (alim və ilahiyyatçılar) Şurasının sədr müavini və Moskva müftisi İldar Alyautdinov məlumat verib.

Məlumata görə, Alyautdinov dini çoxarvadlılığın qadının sağlamlıq vəziyyətinə görə uşaq sahibi ola bilməməsi, reproduktiv yaşının başa çatması, cinsi uyğunsuzluq və ya qadının uşaq sahibi olmaq istəməməsi kimi obyektiv səbəblərə əsaslandığını bildirib. 

O bildirib ki, bu şərtlər yerinə yetirilərsə, kişiyə dini baxımdan dörd arvad almağa icazə verilir.

Şura bu qərarı bildirən fətvanı “Telegram”da paylaşıb. Lakin fətvanın tam məzmunu hələ dərc olunmayıb. Yazıda fətvanın hazırlanmasında təkcə din alimlərinin deyil, hüquqşünasların da əməyi olduğu və fətvada imamlar, yeni evlənən cütlüklər və nikah müqaviləsi forması üçün təkliflərin yer alacağı bildirilib.

Rusiyanın mövcud qanunlarında çoxarvadlılığa görə cəza nəzərdə tutulmayıb. Lakin Ailə Məcəlləsinin 14-cü maddəsinə əsasən, başqa nikah üçün rəsmi qeydiyyatda olan şəxslərin yeni nikah bağlaması qadağandır.

Rusiya Dövlət Dumasının Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina bildirib ki, çoxarvadlılıq ənənəvi dəyərlərə ziddir və uşaqları yoxsulluğa və təhsildən məhrum etməyə məhkum edə bilər.

Seçilən
4
cebheinfo.az

1Mənbələr