AZ

Şəkinin meşələrini məhv edən şirkət rəsmisi azadlığa buraxıldı: QANUNİ, yoxsa ƏDALƏTSİZ?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şəkidə meşəlik ərazini kəsməklə təbiətə külli miqdarda ziyan vurmaqda ittiham olunan "AQA Şirkətlər Qrupu"nun vitse-prezidenti Qafar Dəmirçinin azadlığa buraxılması cəmiyyətdə geniş müzakirə mövzusu olub.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı sosial şəbəkələrdə edilən müzakirələrdə belə bir sual önə çıxıb: Əgər dövlətə dəymiş zərər ödənilibsə, cəza çəkilməyə bilərmi? Hansı əsaslarla azadlığa buraxıla bilər?
Məsələyə aydınlıq gətirən hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirib ki, qanunvericiliyə əsasən belə hallar ola bilər:
"Cinayət Məcəlləsinin 259-cu maddəsinə görə, meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi və bu qanunsuz kəsilmənin bir qrup şəxs tərəfindən edilməsi və mütəşəkkil dəstə tərəfindən törədilməklə edilməsi 9 000 manatdan 11 000 manata qədər miqdarda cərimə və ya iki ildən beş ilə qədər müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Yəni onu qeyd edək ki, burada cəza az ağır cinayətlər kateqoriyasına aiddir və qanunvericilikdə də belə bir hal mövcuddur ki, əgər şəxs dəymiş ziyanı ödəyirsə, burada artıq yüngülləşdirici hallar nəzərdə tutulur.
Sözügedən məsələdə də əgər həmin şəxs ağacın kəsilməsi ilə bağlı dövlətə vurduğu ziyanı ödəyirsə, artıq yüngülləşdirici hal nəzərdə tutulub".
Hüquqşünas diqqətə çatdırıb ki, indiki halda Q.Dəmirçi ilə bağlı açılan cinayət işinə xitam verilməsindən söhbət getmir.
"Ola bilər ki, həmin şəxsin həbsdə qalmasını alternativ cəza ilə, ya ev dustaqlığı ilə əvəz ediblər. Yəni şəxs həbsdə deyil, evində olmaqla ev dustaqlığındadır.
Ola da bilər ki, şəxsin həbs müddəti uzadılmayıb, amma o, ya polisin nəzarəti altına verilib, ya da başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.
Yəni qanunvericiliyə əsasən, belə hallar mövcuddur. Çünki az ağır cinayətlər kateqoriyasında, adətən, həbs qətimkan tədbiri seçilmir. Həbs qətimkan tədbiri o hallarda seçilir ki, şəxs istintaqdan yayınsın, istintaqın gedişatına mane olsun. Bundan əlavə, əgər kriminal şəxsdirsə, yenidən cinayət törədilməsi ehtimalı varsa və istintaq dövründə şahidlərə hər hansı, belə deyək, təsir göstərməyə malikdirsə, o zaman həbsdə saxlanılır.
Burada isə təbii ki, dövlətə dəymiş ziyan ödənilibsə, şəxsin həbsdən azad olunması üçün əsaslar mövcud olur", - deyə E.Aslanov vurğulayıb.
Hüquqşünas Xəyal Bəşirov isə Oxu.Az-a açıqlamasında bildirib ki, həbs qətimkan tədbiri cinayət işinin gedişində şəxsin müvəqqəti istintaq təcridxanasında saxlanması ilə bağlı atılan addımdır, şəxsə verilmiş cəza deyil.
"İlk olaraq, məsələyə hüquqi baxımdan izah verim. Sözügedən şəxsin rəhbərlik etdiyi şirkət Şəkidə meşə massivinin məhv edilməsi ilə bağlı qanuna və hüquqazidd addımlar atıb. Bununla bağlı cinayət işi başlanıb və cinayət işinin gedişatı əsnasında həmin o şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Həbs qətimkan tədbiri cinayət işinin gedişində şəxsin müvəqqəti istintaq təcridxanasında saxlanması ilə bağlı atılan addımdır. Yəni bu, şəxsə verilmiş cəza deyil. Həbsdən azad edilmə də, həbsə alternativ qətimkan tədbirlərinin seçilməsi də o şəxsin azad olunması demək deyil. İnsanlarımız çox vaxt bunu qarışdırırlar.
Qafar Dəmirçi barəsində atılan addımlar, o cümlədən də cinayət işi davam edir. Sadəcə, insanlarda bir stimulun yaradılması, yəni cinayət törədən şəxslərlə bağlı, xüsusilə də maddi ziyan vurulması ilə bağlı cinayət törədən şəxslərdə zərərin ödənilməsi ilə stimul yaratmaq üçün dövlət və məhkəmələr bu addımı atırlar.
Qafar Dəmirçinin dövlətə vurduğu zərər səkkiz milyon manat məbləğində müəyyənləşdirilib. O, bu məbləği ödəməklə cinayət işinə xitam verilməsinə nail olmayıb. Düzdür, cinayət qanunvericiliyində bəzi maddələr var ki, o cinayətlərlə bağlı dəymiş zərər ödənilirsə, cinayət işinə xitam verilir. Amma bu, o cinayətlərə aid deyil. Bu, ekoloji cinayətdir. Ekoloji cinayətlər fəslinə aid olan 259.3 - ağackəsmə maddəsinin III bəndidir - yəni qabaqcadan əlbir olmuş bir qrup və ya mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla ağackəsmə.
Burada böyük məbləğdə zərərdən söhbət gedir ki, bu da səkkiz milyon manat həcmində ölçülüb. Səkkiz milyon manat ödənildi və mətbuatda yayılan məlumata görə, həm də şəxsin atası cəmiyyət qarşısında üzr istəməklə qeyd olunan ərazilərdə ağacların bərpası ilə bağlı addımlar atacaqlarına söz verdi.
Mən düşünürəm ki, cinayət işi davam edəcək - bunun hüquqi tərəfləri budur. Məhkəmə cinayət işinin gedişi zamanı, əgər həmin şəxsin istintaqdan gizlənməsi halını müəyyən edərsə və yaxud şəxs barəsində tətbiq edilən digər alternativ qətimkan tədbirləri ilə bağlı tələbləri pozarsa, o yenidən həbs oluna bilər. Çünki bu da qanunun tələbidir".
Hüquqşünas qeyd edib ki, indiki halda sözügedən şəxs yenidən həbs olunmaması və yaxud cinayət işinin yekununda azadlıqdan məhrumetmə cəzasına məruz qalmaması üçün müəyyən addımlar atmalıdır.
"O addımlardan biri, cəmiyyətə söz verdikləri kimi, həmin meşə massivinin bərpa edilməsi ola bilər. Çünki cinayət işi davam edir və CM-in 259.3-ü maddəsinin tələblərinə görə, şəxs barəsində cərimə, ictimai işlər və eyni zamanda, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Bu, cərimə də ola bilər, alternativ kimi azadlığın məhdudlaşdırılması da ola bilər, üç ildən altı ilə qədər azadlıqdan məhrumetmə də ola bilər.
Hesab edirəm ki, bu məsələ cəmiyyətin diqqətində olduğuna görə onlar zərəri ödədikdən sonra həmin ərazidəki meşə massivinin bərpası istiqamətində verdikləri sözə əməl etməlidirlər.
Hesab edirəm ki, bu hal məhkəmə tərəfindən nəzərə alınacaq. Çünki cinayət qanunvericiliyinə görə, yüngülləşdirici halların dairəsi məhdudlaşdırılmır. Bu da yüngülləşdirici hal kimi nəzərə alına bilər. Necə ki zərərin ödənilməsi məsələsində səkkiz milyon manat ödənildikdən sonra, baxmayaraq ki, ondan əvvəl onlar həbs qətimkan tədbiri ilə bağlı apellyasiya şikayəti də vermişdilər, məhkəmə qərarını qüvvədə saxlamışdı. Məhz zərərin ödənilməsi ilə bağlı addım atıldıqdan sonra onun həbsdən azad olunması və həbsdən azad olunsa da, alternativ qətimkan tədbiri nəticəsində cinayət işinin davam etdirilməsinə qərar verilib.
Hazırda cinayət işi davam edir və düşünürəm ki, işin gedişatında vəziyyət hər istiqamətdə dəyişə bilər. Bayaq qeyd etdiyim kimi, əgər şəxs istintaqdan gizlənərsə və ya buna cəhd edərsə və qətimkan tədbirinin digər tələblərini pozarsa və ya buna cəhd edərsə, o yenidən həbs oluna bilər. Yaxud da cinayət işinin gedişatında məhv edilən meşə massivinin bərpası istiqamətində addımlar atacaqsa, bu da nəzərə alınıb, şəxs barəsində məhkəmənin hökmü ilə tətbiq ediləcək cəza hissəsində yüngülləşdirici hal kimi nəzərə alınacaq", - deyə hüquqşünas bildirib.
Əzizə İsmayılova
Seçilən
22
2
oxu.az

3Mənbələr