AZ

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Ermənistandan başqa faktiki olaraq heç bir ölkəyə ciddi həcmdə silah tədarük etməyən Hindistanın mediası özü haqda əfsanələr uydurmağa davam edir.

Axar.az xəbər verir ki, bir müddət əvvəl Hindistan mediası guya “Azərbaycanın da Dehlidən silah almaq istədiyi” haqda informasiya yaymışdı. Bu məlumatı isə Ermənistan mediası həvəslə tirajlamışdı.

İndi isə “Indian Defense Research Wing” saytı məlumatı bir az da “konkretləşdirib”. İddia edib ki, Azərbaycan guya Hindistanın ATAGS artilleriya sistemlərinin alınmasında xüsusilə maraqlıdır.

Halbuki Ermənistan mediası Hindistandan aldığı ATAGS sisteminin yüksək dağlıq ərazidə özünü doğrultmadığını bir müddət öncə yazmışdı. Bildirilmişdi ki, dağlıq əraziyə daşınma zamanı 2 ATAGS sistemi dərhal, 4-ü isə sınaqlar zamanı sıradan çıxıb. “Yerevanskiy nablyudatel”in məlumatında qeyd edilirdi ki, “Ashok Leyland FAT” yedəkləri də ərazidə özünü pis göstərib.

“Əslində, bazarda ATAGS-dən daha etibarlı və daha ucuz silahlar var. Uğursuz sınaqlardan sonra külli miqdarda hind silahının alınmasının davam etməsi yalnız pulsilmə və korrupsiya ilə bağlı ola bilər”, - kanal vurğulamışdı.

Bununla bərabər, Hindistan nəşri ekspertin dili ilə Azərbaycana şərt qoymağı da “unutmayıb”. Hindistanlı hərbi analitik Raneş Rajan deyib ki, Yeni Dehli Bakıya Hindistan silahlarını satmaq barədə düşünməzdən əvvəl “Azərbaycan ilk növbədə Pakistandan uzaqlaşmalı və Hindistanın Kəşmirlə bağlı mövqeyinə qoşulmalıdır”.

Bu məqalələrin piar tipli olduğu və həqiqəti əks etdirmədiyi elə bu ekspertin açıqlamasından da görünür. Hindistan mediası “Azərbaycan istədi, biz satmadıq” feyki üçün indidən əsaslar hazırlayır və yəqin ki, növbəti məqalə bundan bəhs edəcək. Çünki Azərbaycan üçün Pakistan strateji tərəfdaşdır: Pakistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, həmçinin 44 günlük savaşda və ondan sonrakı dönəmdə də Azərbaycanın yanında olduğunu bütün platformalarda nümayiş etdirib. Təbii olaraq, Azərbaycan da strateji tərəfdaşını milli məsələlərdə müdafiə edir. Üstəlik, Azərbaycan məhz Pakistandan az öncə yeni nəsil İJ-17 qırıcısı alıb.

Bütün bu münasibətləri Azərbaycanın yüksək dağlıq əraziyə daşınarkən sıradan çıxan ATAGS-a “qurban verəcəyini” uydurmaq və oxucuların buna inanacağını düşünmək yalnız hind melodramaları üçün irreal ssenarilər yazanların ağlına gələ bilər.

Seçilən
49
4
axar.az

5Mənbələr