AZ

Növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub - YENİLƏNİB

Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb, açarlar təqdim olunub.

“Report”un məlumatına görə, bu mərhələdə şəhərə köçürülən 191 nəfərdən ibarət 49 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Şuşaya daimi yaşayış üçün köçürülən ailələrə yeni tikilmiş binalarda mənzillər verilib.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

06:25

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

"Report" xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı dekabrın 21-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülüb.

Ağcabədi, Bərdə, Ağdaş, Goranboy və Kürdəmir rayonlarında məskunlaşmış 7 ailə (34 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Ağdam rayonunun Təzəkənd kəndində yerləşən keçid postunda köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Şuşa şəhərində 318 ailənin, yəni 1180 nəfərin daimi məskunlaşması təmin edilib.

Hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.

phrase_var_article.chosen
7
30
report.az

10phrase_var_article.sources