AZ

Elvin Camalov, Boyan Letiç və Amin Seydiyev üçün xüsusi hədiyyə

“Sabah” klubu 100 oyun həddini keçən Elvin Camalov və Boyan Letiçə, həmçinin 150-ci oyununa çıxan Amin Seydiyevi mükafatlandırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hər üç futbolçuya xatirə formaları verilib.

Qeyd edək ki, “Sabah” hazırda Azərbaycan Premyer Liqasının turnir cədvəlində 26 xalla 5-ci pillədədir. Paytaxt klubu 2024-cü ilin sonuncu oyununu sabah səfərdə “Şamaxı”ya qarşı keçirəcək. Oyuna saat 14:00-da start veriləcək.

Xatırladaq ki, Boyan Letiç 2022-ci ilin fevral ayından “Sabah”ın uğurları üçün çalışır. Bosniya və Herseqovinadan olan futbolçu paytaxt klubunun heyətində 102 oyuna çıxıb, 6 qola imza atıb, 14 məhsuldar ötürmə verib.

Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edir. O, “bayquşlar”ın heyətində 113 oyuna çıxıb, 2 qol və 7 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Qəbələ” və “Zirə”də də oynamış yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 20 oyun keçirib.

Amin Seydiyev isə 2020-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, bu günə kimi komandanın heyətində 150 rəsmi matç keçirib, 5 qol vurub, 8 məhsuldar ötürmə verib. Amin “Sabah”ın heyətində ən çox oyun keçirmiş futbolçudur.

Seydiyev “Qəbələ”nin yetirməsidir. O, 2017-ci ildən 2020-ci ilə qədər məhz əyalət klubunun əsas komandasında forma geyinib. O, “Qəbələ”də 39 (1 qol, 1 məhsuldar ötürmə), Azərbaycan millisində isə 12 oyun keçirib.

Seçilən
21
arena.az

1Mənbələr