Dünən Atv kanalında yayımlanan “Zaurla Günaydın” verilişində televiziyada bir ilk yaşanıb. Verilişin aparıcıları Zaur və Günay Baxşəliyevlər xalq artistləri Mənsum İbrahimov və Nəzakət Teymurovaya böyük sürpriz ediblər. Belə ki, onlar “Leyli və Məcnun” tamaşasının dekorasiyasını canlı yayımda hazırladıblar və sənətkarlardan bu obrazları canlı-canlı ifa etmələrini istəyiblər. Böyük sürpriz qarşısında çaşqın qalan xalq artistləri özlərini itirməyib və obrazları layiqincə ifa ediblər. Veriliş sona qədər iki sənətkarın tamaşadan ifa etdiyi səhnəciklər üzərində davam edib.
Moderator.az-a açıqlama verən xalq artisti Mənsum İbrahimov bu sürprizin onun üçün gözlənilməz olduğunu bildirib:
“Mən bunu gözləmirdim. Bilmirdim ki, belə gözəl bir dekorasiya hazırlanıb, Günay xanım və Zaur bəy bu günə xüsusi hazırlaşıb. Təbii ki, bunu öncədən bilsəydik Leyli və Məcnunun geyimlərində gələrdik. Böyük sürpriz idi. Səhər-səhər canlı-canlı bu operanı oxumaq insandan güc tələb edir. Allah kömək oldu, biz onun öhdəsindən gəldik. Nəzakət xanım da, Təyyar da, Aytən də çalışdılar ki, bunu layiqincə alındırsınlar. Tamaşanı bəlli bir tamaşaçı kütləsi izləyir. Təxminən 500-600 insan. Atv kanalını bütün dünya izləyir. Çoxmilyonlu tamaşaçıları var. Tamaşadan ən gözəl parçaları seçib təqdim etdik. Üzeyir bəyin də ruhu şad oldu. Hər şey çox yaxşı oldu. Bu cür gözəl sürprizləri yalnız Atv-dən gözləmək olardı. Zaura, onun kollektivinə xüsusi təşəkkür edirəm. O komandası ilə birlikdə hazırlaşmışdı bu işə. Tamaşaçı bayağı ifalardan, dedi-qodulardan, yalançı reytinqlərdən çox yorulub. Televiziya belə olmalıdır. Kanalın rəhbərliyinə də təşəkkür edirəm. Veriliş o qədər maraqlı alındı ki, vaxtı da uzatdılar” deyə xanəndə bildirib.
Xalq artisti Nəzakət Teymurova isə bildirib ki, bu artıq-ən-ənə halını almalıdır:
“İlk dəfə idi ki, televiziyada belə bir hadisə baş verirdi. Heç özüm də inanmırdım ki, bu qədər ifa edəcəm. Səhər tezdən səs çətin işləyir. Həm də nəzərə alsaq ki, zildən oxunur. Sabah verilişin təkrarını izləyəcəm. Amma mənə gələn zənglərə, rəylərə görə düşünürəm ki, möhtəşəm alınıb. Nə qədər canlı efirdən tamaşaçılara o səmimiyyəti yansıda bilmişiksə çox şadıq. Tamaşaçılar səviyyəli işlər üçün çox darıxıb. İnsanlar təkrarçılıqdan, bayağılıqdan beziblər. Tamaşaçıya nə təklif edirsənsə onu da qəbul edir. Biz özümüzdən, musiqimizdən, mədəniyyətimizdən uzaqlaşmışıq. Sənəti başa düşən aparıcılarımız hələ ki, var. Amma onların sayı çox azdır” deyə xalq artisti bildirib.