AZ

Prokurorluqda araşdırılan şirkətin rəhbərinin müəmmalı ölümü - Şok detallar

Bir neçə gün öncə Bakıda evində meyiti tapılan “Aze Bilişim Finance” MMC-nin (AZEBİRJA) direktoru Ali Akşunun ölümü ilə bağlı ciddi iddialar irəli sürülüb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı onun hüquqlarını müdafiə edən Rəhim Xoyski feysbuk hesabında paylaşım edib.

“Ali Akşun ilə dekabrın 14-ü danışarkən mənə bir dəfə izlənilən 2-3 saniyəlik video göndərmişdi ki, ona sistem vurulur. Videoda kimsə görünmürdü. Sual verdim ki, sənə kim yardım edir? Demişdi ki, tibb bacısı gəlib. Sonuncu danışığım və cavabsız qalan mesajlarım isə gecə yarısı olub. Ayın 15-i günorta Ali Akşundan mesajlarıma hələ də cavab gəlmədiyi üçün onun kirayədə yaşadığı evinə getdim və qapını açan olmadı. Daha sonra evin sahibi və polislər vasitəsilə mənzilə daxil olduqda Ali Akşunu divanda uzanıqlı vəziyyətdə qolunda şpris qalmış formada ölü vəziyyətdə tapdım”, deyə R.Xoyski bildirib.

R.Xoyki əlavə edib ki, evə polislər və prokurorluq əməkdaşları ilə baxış keçirərkən, şprisdə olan dərmanın ampulasını tapa bilməyiblər:

“Sistemə aid dərman və digər vasitələr də evdə nə zibil yeşiyində (sadəcə tualetin zibil yeşiyində bir flakon dərman vasitəsi tapıldı), nə də mərhumun yanında tapıldı. İki vurulmuş şpris var idi, biri stolun üzərində qalmışdı, digəri isə qolunda. Qolundakı şprislə bağlı bildirim ki, onun hər hansısa narkotik vasitə olmadığı istintaq tərəfindən artıq anlaşılıb. Nə olduğu, hələ ekspertiza tərəfindən araşdırılır. Hazırda ölüm faktıyla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma davam edir, istintaqın gedişatıyla bağlı ona təsir etməmək üçün daha detallı məlumatlar verə bilməyəcəm”.

R.Xoyski bildirib ki, Ali Akşunun rəhbəri olduğu kriptovalyuta alqı-satqısı ilə məşğul olan “Aze Bilişim Finance” MMC ilə bağlı iki aya yaxındır Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma gedib. Bu işdə Ali Akşun nə təqsirləndirilən, nə də şübhəli şəxs idi. Şirkətin sənədləriylə bağlı aparılan araşdırmada hər hansısa nöqsan tapılmamışdı.

.


Müəllif: Teleqraf.com
Seçilən
18
23
teleqraf.com

10Mənbələr