AZ

Güclü Azərbaycan davamlı və ali hədəfimizdir

Dövlət başçısı İlham Əliyev tariximizə Zəfər seçkiləri kimi yazılan 7 fevral 2024-cü il prezident seçkilərində inamlı Qələbəsindən sonra andiçmə mərasimində bildirdi: “2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə əziz xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam… Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu, ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi. 2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır.”

Əsas strateji hədəflər

Dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin strateji hədəfi güclü Azərbaycan dövlətinin formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi… kimi həlli vacib məsələlər idi.

Təbii ki, əldə olunan hər bir uğur yeni bir hədəfin, ona doğru atılan inamlı addımların məcmusudur. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, güclü Azərbaycan bizim həmişə hədəfimiz olub. Əgər güclü Azərbaycan qurmasaydıq, əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olsaydıq, heç vaxt ərazi bütövlüyümüzü bərpa edə bilməzdik.

Sosial-iqtisadi göstəricilər

İqtisadiyyatın inkişafı və insanların sosial rifahının yüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsçüsü olduğu qanun layihələri, həmçinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən sosial-iqtisadi layihələr vətəndaşlarımızın həyat səviyyəsinə öz müsbət təsirini göstərir. Dövlət başçısının rəhbərliyi ilə görülən genişmiqyaslı işlər, həyata keçirilən sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi inkişaf baxımından sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm nəqliyyat-tranzit qovşağıdır.

Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı 2003-cü ildə belə bir çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Dövlət başçısının “Neft kapitalını insan kapitalına çevirək!” tezisi həyata keçirilən iqtisadi siyasətin əsasına çevrildi. Bunun üçün regionların malik olduğu ehtiyatlardan səmərəli istifadə olundu, Regional inkişaf proqramları təsdiqləndi və uğurla icra edildi. Artıq əminlikə demək olar ki, bu müddətdə reallaşdırılan dörd Dövlət Proqramının uğurlu icrası Azərbaycanın bugünkü nailiyyətlərində özünün aydın ifadəsini tapır. Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə iqtisadiyyatının qlobal iqtisadiyyata səmərəli inteqrasiyası yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.

Məhz tarixi Zəfərimiz nəinki bütün sahələrdə, o cümlədən, qəbul olunan Dövlət proqramlarında, gələcəyə hesablanmış inkişaf strategiyasında yeniləşməni, təkmilləşməni həyata keçirməyə çağırış etdi. Bu məqsədlə “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edildi. Hər iki sənəd bütün bölgələrimizdə, o cümlədən, işğaldan azad edilmiş ərazilərdə görüləcək işləri, qarşıda duran hədəfləri və onlara nail olmaq mexanizmini özündə əks etdirir. Ölkəmizin iqtisadi qüdrətinin artması vətəndaşların sosial rifahının yüksəldilməsinə yönəlmiş layihələrin həyata keçirilməsinə zəmin yaratdı. Azərbaycanın sosial dövlət kimi tanınması və nüfuz qazanması, bu mövqeyini daim atdığı əmin addımlarla, həyata keçirdiyi sosial paketlərlə zənginləşdirməsi diqqətdən kənarda qalmır.

Yeni neft strategiyası

Azərbaycanın malik olduğu iqtisadi resurslardan səmərəli istifadəyə yol açan layihələr siyasi mövqeyini möhkəmləndirir, ona dünya çapında inamı və etimadı artırır. Bu enerji və nəqliyyat layihələri dövlətləri, xalqları birləşdirir, yeni əməkdaşlıq formatlarının yaradılmasını təmin edir. Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasında Azərbaycan Respublikası Dövlət Neft Şirkənin (SOCAR) rolu böyükdür. SOCAR bir qayda olaraq fəaliyyətində yeniləşməyə, təkmilləşməyə xüsusi önəm verməklə, dövlət başçısı İlham Əliyevin tapşırığına uyğun olaraq, bu və ya digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri ilə modern beynəlxalq şirkətlər sırasında dayanır.

Təbii ki, hazırkı dövrün əsas çağırışlarından biri kadr hazırlığını ölkənin iqtisadi inkişaf səviyyəsinə uyğunlaşdırmaqdır. Bu istiqamətdə də şirkət mühüm addımları ilə diqqətdədir. “Əsrin müqaviləsi”nin yol açdığı “Yeni əsrin müqaviləsi” özündə mühüm məqamları və hədəfləri ehtiva edir.

Müasir ordu və modern hərbi sənaye

2003-cü ildən etibarən ordu quruculuğu məsələləri Azərbaycanda dövlət siyasətinin prioriteti kimi müəyyən olundu. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi.

Ötən 21 ildə Prezident İlham Əliyev tərəfindən silahlı qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilib. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye kompleksi hesabına ölkəmizdə müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Hazırda ölkəmizdə min addan çox hərbi təyinatlı məhsul istehsal edilir. Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbi məhsulları böyük müvəffəqiyyətlə nümayiş olunur. Bu kimi nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah, sursat və hərbi texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradır. Heç də təsadüfi deyil ki, Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim dövlətin diqqət mərkəzində olan məsələdir. Bütün bunların fonunda Vətən müharibəsində tarixi Zəfərimiz və ötən ilin sentyabrında suverenliyimizin tam bərpası ilə nəticələnən Qarabağ iqtisadi rayonunda həyata keçirilən bir günlük antiterror tədbirləri Azərbaycan Ordusunun gücünü, qüdrətini bir daha dünyaya əyani şəkildə nümayiş etdirdi. Azərbaycan Ordusu döyüş meydanında qazandığı zəfərləri ilə nəyə qadir olduğunu sübut edərək dünya hərb tarixinə yeni səhifələr yazdı.

İnformasiya cəbhəsində uğurlarımız

Torpaqlarımızın işğaldan azad edilməsinə hazırlıq dövrü kimi xarakterizə edilən 2003–2020-ci illərdə əsas diqqət göstərilən məsələlərdən biri də diplomatiya sahəsində uğurlarımızın davamlılığının təmin edilməsi, Ermənistanın hərbi təcavüzünün ilk illərində ən ağrılı problemlərimizdən biri olan, açıq demək lazımdır ki, bu sahədə də yağı düşmənə uduzduğumuz informasiya cəbhəsində üstünlüyün qazanılması idi. Prerzident İlham Əliyevin ciddi səyləri nəticəsində qısa müddətdə Azərbaycan bu sahədə də mühüm uğurlara imza atdı. Prezident İlham Əliyevin 2019-cu ildə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışında dedi:“Həmçinin Ermənistan baş nazirinin təəccüb doğuran bəyanatına toxunmaq istərdim. Bu bəyanat təkcə Azərbaycanda təəccüblə qarşılanmayıb, ona Rusiya Federasiyası tərəfindən də “Valday” forumu çərçivəsində müvafiq cavab verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə”. Birincisi, yumşaq desək, bu, yalandır. Dünya tərəfindən həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan özü də bu qanunsuz qurumu tanımır. Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Dövlətimizin başçısı İlham Əliyev ən yüksək beynəlxalq kürsülərdən, o cümlədən, BMT Baş Assambleyasının tribunasından dünya güclərinin ikili standartlara əsaslanan siyasətini, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası üçün vahid mexanizmin olmamasını, bu yanaşmaların hansı problemlərə gətirib çıxardığını uca səslə bəyan etdi. Sevindirici haldır ki, bu gün də real həqiqətlərə, tarixi faktlara əsaslanan təbliğat işimiz uğurla davam etdirilir.

Xarici mediaya müsahibələr

Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə 30-dan artıq xarici media vasitəsinə müsahibəsi ilə informasiya cəbhəsində də Ermənistan və beynəlxalq erməni lobbisi üzərində üstünlüyümüzü möhkəmləndirdi. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr, eyni zamanda, Vətən müharibəsinin gedişində və postmüharibə dövründə milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi.

Əminliklə demək olar ki, həmin müsahibələr XXI əsr üçün yeni informasiya üslubu və modeli nümunələridir. Orada gerçəklikdən doğan konkretlik, yenilməz qətiyyət, siyasi iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandanın hər bir müsahibəsi münaqişə ilə bağlı dünyaya həqiqətlərin çatdırılmasında mühüm rol oynadı.

Güclü iradə, xalq–iqtidar birliyi

İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edən Azərbaycan dövləti sübut etdi ki, ədalət və beynəlxalq hüquq mövcuddur və onlara nail olmaq üçün qətiyyət nümayiş etdirmək, ciddi səylər göstərmək lazımdır. “Qarabağın işğalı dövründə də bəzi hallarda hər birimiz məyusluq və inamsızlıq hissləri yaşamışıq. Hər birimizin qəlbini incidən bu ədalətsizlik bizə sanki əbədi olacaq kimi gəlirdi. Amma o fikirləri biz özümüzdən hər zaman uzaqlaşdırırdıq, inamla yaşayırdıq və onu da bilirdik ki, ədaləti bərpa etmək bizim öz işimiz olmalıdır, heç kim bizim əvəzimizə bu ədaləti bərpa etməyəcək, heç kimin belə niyyəti də, istəyi də olmamışdır” söyləyən dövlətimizin başçısı İlham Əliyev bu məqamı da xüsusi qeyd edir ki, işğal dövründə çoxsaylı xarici nümayəndələrlə görüşlər əsnasında mən bu barədə artıq bir neçə dəfə demişəm. Belə fikirlər eşidirdim ki, reallıqlarla barışmaq lazımdır, Qarabağ artıq əldən gedib, Ermənistanla barışmaq lazımdır, gənc nəsli sülhə hazırlamaq lazımdır. Bu münaqişənin hərbi həlli yoxdur və digər fikirlər səsləndirilirdi: “Həm İkinci Qarabağ müharibəsi, həm antiterror əməliyyatı və ondan sonrakı dövr, yəni, bir il göstərdi ki, güclü iradə olan yerdə, xalq–iqtidar birliyi olan yerdə, xalqımızın əyilməz ruhu olan yerdə heç bir qüvvə, heç bir təşkilat bu iradənin qabağında dura bilməz. Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi, suverenliyimizin tam bərpa olunması, – mən bunu bilirəm, – Qərbi azərbaycanlılarda da bu nikbinlik hisslərini, fikirlərini, ümidlərini daha da artırmışdır. Hətta işğal dövründə, 10 il, bəlkə də ondan da qabaq mən bəzi çıxışlarımda Qərbi Azərbaycanla bağlı fikirlərimi səsləndirirdim. Biz hər dəfə qarşıya hədəflər qoymalıyıq. Bu hədəflər həm stratejidir, həm taktikidir, həm qısamüddətlidir, həm uzunmüddətlidir. Amma hədəflər düzgün seçilməsə, heç bir nəticəyə nail olmaq mümkün olmayacaq. Hədəflər həm həqiqəti, ədaləti və həm də real vəziyyəti, real gücümüzü əks etdirməlidir. Nə qədər güclü olsaq, o qədər də bizim səsimiz eşidiləcək.”

Azərbaycanın tarixi Zəfərə qədər yolunu qiymətləndirərkən təbii ki, ayrı-ayrı dünya dövlətləri ilə istər ikitərəfli, istərsə də çoxtərəfli çərçivədə qurduğu əlaqələrə, həmçinin diaspor quruculuğu istiqamətində qazandığı uğurların miqyasına da diqqət yetirmək gərəkdir. Ölkəmiz böyüklüyündən, kiçikliyiyindən asılı olmayaraq bütün dövlətlərlə əlaqələrini bərabərhüquqlu, qarşılıqlı maraqlar və hörmət prinsipləri əsasında qurur və inkişaf etdirir.

Tarixi ədaləti bərpa edən Zəfərimiz

44 günlük İkinci Qarabağ müharibəsi və bir günlük antiterror tədbirləri Xalq–Prezident–Ordu birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020 ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.

Tarixi Zəfərimizdən ötən 4 ildən artıq dövrün reallıqları sırasında dövlət Bayrağımızın sərhəddə dalğalanmasını xüsusi qeyd etməliyik. Azərbaycan–Ermənistan sərhədində, Laçın rayonu ərazisində Həkəri çayının üzərində 23 aprel 2023-cü il tarixində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Bununla da Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu.

COP29 Konfransı, D-8-ə üzvlük

Azərbaycanın 2011-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019–2022-ci illərdə uğurla sədrlik etməsi, bu müddətin quruma üzv dövlətlərin birgə qərarı əsasında bir illik uzadılması müasir Azərbaycanın beynəlxalq miqyasda artmaqda olan nüfuzunu göstərir. Bu kimi uğurlu nəticələr ölkəmizin diplomatik təcrübəsini daha da zənginləşdirir. Bu ilin noyabr ayında Azərbaycanın COP29 kimi ən nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi, dekabrın 19-da ”İslam Səkkizliyi” adlandırılan D-8 təşkilatına üzv qəbul edilməsi də bunun təsdiqidir.

Tarixi Zəfərimizdən və suverenliyimizin tam bərpasından sonra Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini, nüfuzunun gündən-günə artmasını təsdiq edən istənilən sayda misal göstərmək olar. Bütün bunların təsdiqi kimi ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərin say tərkibinin daha da artmasını, qarşılıqlı səfərlərin dinamikasını qeyd edə bilərik. Dövlətimizin başçısı İlham Əliyev seçki ili kimi xarakterizə edilən 2024-cü ilin 1 sentyabr tarixində keçirilən parlament seçkilərindən sonra 7-ci çağırış Milli Məclisin ilk iclasında Azərbaycanın bütün sahələrdə qazandığı uğurlardan və qarşıda dayanan hədəflərdən bəhs edərkən onu da bildirdi ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər… Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik… Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir: “Çünki bəzi Qərb ölkələri hesab edirlər ki, beynəlxalq ictimaiyyət ancaq onlardır və onların əli altında olan demək istəmirəm yəni, asılı dövlətlər. Yox, beynəlxalq ictimaiyyət bütün dünya ölkələridir və bu dünya ölkələri bizə yekdilliklə səs verib. COP29-un Azərbaycanda keçirilməsi 200-ə yaxın ölkə tərəfindən yekdilliklə qəbul edilmiş qərardır və bizim beynəlxalq nüfuzumuzu, hörmətimizi göstərən vacib amildir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq.

Tariximizin yeni dövrü

2020-ci ilin 10 noyabr tarixində Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasına baxmayaraq, suverenliyimizin tam bərpası dövlətimizin əsas hədəfi idi. Azərbaycan buna sülh yolu ilə nail olmağa çalışdı. Lakin Ermənistanın üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, genişmiqyaslı təxribatlar törətməsi ötən ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələrinin separatçı-terrorçuların yuva qurduqları Qarabağ iqtisadi rayonunun bir hissəsində lokal antiterror tədbirləri həyata keçirməsini zərurətə çevirdi. Suverenliyimiz tam bərpa olundu. Prezident İlham Əliyev bu ilin ilk ayında yerli televiziya kanallarına müsahibəsində yeni dövrə qədəm qoyan Azərbaycanın hədəflərindən bəhs edərkən bildirdi ki, istər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.

Azad edilmiş ərazilər dirçəlir

Artıq erməni tapdağından təmizlənmiş torpaqlarımız dirçəlir, yenidən qurulur. Dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mütəmadi olaraq azad edilmiş ərazilərimizə səfərlər edirlər. Görülən işlərlə tanışlıq, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi Böyük Qayıdış prosesinin daha da sürətlənməsində əhəmiyyətli rol oynayır. Bu il sakinlərinə qovuşan şəhərlərimiz sırasına Şuşa, Xocalı və Cəbrayıl şəhərləri də daxil oldu. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev bu ilin oktyabrında Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edərək yeni evlərə köçən şəhər sakinlərinə mənzillərin açarlarının təqdim edilməsi mərasimində bir daha “Bizi Qələbəyə aparan bizim milli ruhumuz olub” söyləyərək bu reallıqları böyük əminliklə bildirdi ki, tarixi Zəfərimiz dünyada Azərbaycana olan hörməti bəlkə də birə on artırıb. Bu gün biz dünya miqyasında böyük hörmətə və nüfuza malik olan ölkəyik. Bu gün həm ölkə vətəndaşları və eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar başlarını dik tutublar. Dünyada milyonlarla azərbaycanlı yaşayır. Azərbaycan dilində danışan, Azərbaycan dili ana dili olan soydaşlarımızın sayı 50 milyondan çoxdur. Bu Qələbə onların da Qələbəsidir, onlar üçün də qürur mənbəyidir. Bu, əbədi belə olacaq. Biz bu torpaqlarda əbədi yaşayacağıq. Xalqımız, dövlətimiz müzəffər xalq və dövlət kimi əbədi yaşayacaq.

Bütün vədlər yerinə yetirildi

Dövlətimizin başçısı İlham Əliyevin hər bir çağırışı Azərbaycanın uğurlu gələcəyinə xidmət edir. Cənab İlham Əliyev hələ 2003-cü ildə ilk dəfə xalqın böyük əksəriyyətinin səsi ilə Prezident seçildikdən sonra keçirilən andiçmə mərasimində “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir” – deyə bəyan etmişdir. Artıq son 21 ilin yekunları verilən hər bir vədin yerinə yetirildiyini və yeni dövrün uğurla davam etdiyini təsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində bu əminliyi ifadə etmişdir: “Biz öz məsələmizi həll etmişik. Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”

Vüqar RƏHİMZADƏ,
Milli Məclisin deputatı

Seçilən
17
xalqqazeti.az

1Mənbələr