Dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin 63 yaşı tamam olur. Bu münasibətlə Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev Şuranın çoxsaylı üzvləri adından cənab Prezidentə təbrik ünvanlayıb.
Modern.az xəbər verir ki, təbrikdə deyilir:
Möhtərəm cənab Prezident!
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, məsuliyyətli və eyni zamanda şərəfli işlərinizdə uğurlar diləyir, Sizin rəhbərliyiniz ilə doğma Azərbaycanımıza daim rifah, sülh, əmin-amanlıq və tərəqqi arzulayırıq!
Müasir Azərbaycanın memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin işıqlı yolunun layiqli davamçısı kimi Sizin uzaqgörən və qətiyyətli fəaliyyətiniz sayəsində dinamik inkişaf edən ölkəmiz beynəlxalq aləmdə nüfuzunu daha da artırır, vətəndaşlarımızın rifahı gündən-günə yüksəlir, respublikamız strateji hədəflərinə doğru uğurla irəliləyir. Siz dövlətimizin tərəqqisi, xalqımızın firavanlığı naminə böyük layihələrə, yüksək nailiyyətlərə imza atırsınız. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı olaraq Sizin başçılığınız ilə rəşadətli Ordumuzun misilsiz qəhrəmanlıqlar göstərdiyi 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirləri nəticəsində torpaqlarımız erməni işğalından azad olunmuş, xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyulmuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Hazırda işğaldan azad edilmiş torpaqlarımızda sürətli və genişmiqyaslı bərpa-quruculuq işləri gedir, “Böyük Qayıdış” proqramı çərçivəsində məcburi köçkünlərimiz öz doğma ata-baba yurdlarına qayıdırlar, Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır.
Antizərbaycan qüvvələrin, bədxahların bütün məkrli cəhdlərinə baxmayaraq, Sizin sarsılmaz əzmkarlığınız, qətiyyətli iradəniz və müdrik siyasətiniz nəticəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda böyük uğurla keçirilməsi - 196 ölkədən gəlmiş və sıralarında 80 prezident, vitse-prezident və baş nazirin olduğu 72 min nümayəndənin, eləcə də BMT-nin Baş katibi Antonio Quterreşin və bir çox nüfuzlu şəxslərin iştirak etdiyi, dünyanı Bakıya toplayan möhtəşəm beynəlxalq tədbir xalqımızın hər bir nümayəndəsi kimi biz, ağsaqqalları da çox qürurlandırdı. Təxminən 60 ölkəni birləşdirən İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan, 120 ölkənin yekdil qərarı ilə dörd il ərzində, BMT-dən sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına uğurla rəhbərlik edən Azərbaycanın COP29-a sədrliyi ilə bu tədbirdə iştirakçı ölkələr tərəfindən yaşıl dünya naminə mühüm qərarlar qəbul edildi, bu sahədə bir çox gələcək nailiyyətlərin əsası qoyuldu. Bu, belə möhtəşəm bir tədbirə yüksək səviyyədə evsahibliyi edən Azərbaycanın növbəti qələbəsi, uğuru oldu.
Türk dünyasının birliyi amalına hər zaman sadiq qalan Azərbaycan Sizin rəhbərliyiniz ilə Türk Dövlətləri Təşkilatının işində yaxından iştirak edərək qurumun sıralarının genişləndirilməsinə, iqtisadi-siyasi əlaqələrin inkişaf etdirilməsinə, təşkilatın Türk dövlətlərinin Turan ruhunu əks etdirən yeni bayrağının qəbul edilməsinə, ortaq Türk əlifbasının yaradılmasına və digər uğurların qazanılmasına mühüm töhfələr verir. Türk Dövlətləri Təşkilatının daha da möhkəmlənməsi və inkişafı, Turan ideologiyasının həyata keçirilməsi Sizin apardığınız düşünülmüş xarici siyasətin əsas prioritetlərindəndir. Sizin təşəbbüsünüzlə iyul ayında Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi əlaqələrin yeni mərhələyə qədəm qoymasında və əməkdaşlığın dərinləşməsində xüsusi rol oynamışdır.
Əziz və çox hörmətli Prezidentimiz!
XXI əsrin ən güclü liderlərindən biri olaraq Sizin müdrik rəhbərliyiniz ilə hazırda öz şanlı tarixinin ən qüdrətli dövrünü yaşayan ölkəmizin hər bir vətəndaşı kimi biz, respublikamızın 79 şəhər və rayonunda fəaliyyət göstərən Azərbaycan Ağsaqqallar Şurasının 35 mindən çox üzvü də dəyərli xidmətlərinizi yüksək qiymətləndirir, Sizinlə fəxr edirik! Bir daha Sizi bütün səmimiyyətimizlə doğum gününüz, eyni zamanda qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, Sizə uzun və sağlam ömür, nəvə-nəticəli ailə səadəti, layiq olduğunuz tükənməz nailiyyətlər, dövlətimizin tərəqqisi və xalqımızın rifahı naminə həyata keçirdiyiniz bütün işlərdə davamlı uğurlar diləyirik!
Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!
Dərin hörmətlə,
Azərbaycan Ağsaqqallar Şurasının çoxminli üzvləri adından Şuranın sədri,
millət vəkili, professor Eldar Quliyev