AZ

Heç bir titula ehtiyacı yoxdur: O, İLHAM ƏLİYEVdir!

Məşhur məsəldir, müxtəlif şəxslərin, o cümlədən Uinston Çörçillin adına çıxırlar. Məsəlin ümumi məğzi isə budur: xarici ölkələrdən birinin müqavimət hərəkatının rəhbəri ilə Çörçillin ilk görüşü olur. Sözügedən lider bütün titullarını bir-bir sadalayır, bu titulların xüsusi vurğulanması bir dəqiqəyə yaxın vaxt aparır və sonda adını deyib, əlini uzadır.
Hər kəs Çörçillin özünü necə təqdim edəcəyini gözləyir.
- Çörçill, - deyə Uinston Çörçill ona uzadılmış əli sıxır.
Çünki Çörçillin özünü xüsusi titullarla təqdim etməyə də, özünü tanıtmağa da heç bir ehtiyacı yox idi!
Bu gün İlham Əliyevin ad günüdür və saytlarda dərc olunan doğum günü təqdimatlarını izləyirəm. İlham Əliyevin elmi titulları, hansı orden-medalları alması, həyati uğurları sadalanır və bu siyahı bitib-tükənmir.
Ancaq İlham Əliyevin təqdimatında hər hansı titulun sadalanmasına qətiyyən ehtiyac yoxdur.
Çünki O, İLHAM ƏLİYEVDİR!
Bu ad hər tituldan, bütün fəxri-elmi adlardan ucada durur.
Heç bir titul, heç bir bəlağətli epitet İLHAM ƏLİYEVin adının əvvəlində gəlib, onun statusunu böyüdə bilməz; dünyanın bütün titulları, bənzətmələri, mübaliğələri, epitetləri – hər şey İlham Əliyev adının kölgəsindədir.
Son onillərdə dünyada adını tarixin səhifəsinə yazan liderlər olub, var və olacaq! Ancaq son onillərdə xalqının əyilmiş qəddini düzəldən, onu ucaldan, qürurunu özünə qaytaran ikinci bir lider yoxdur!
İlham Əliyev Şuşada və Xankəndidə Bayraq qaldırmaqla bütün azərbaycanlıların ürəyinə, öz xalqının və bəşəriyyətin tarixinə öz adını əbədi yazdırıb!
İlham Əliyev xalqına şərəfli keçmişi ilə öyünmək, düşmən qarşısında qürrələnmək imkanı verdi!
İlham Əliyev ölkəni müharibəyə yox, Qələbəyə apardı və bu qələbə davam edir, ancaq ətalətlə yox, təbii qanunauyğunluqla, yeni zirvələr fəth etməklə!
İlham Əliyev bu xalqın fəxri, qüruru, vüqarıdır: duruşu, baxışı, yerişi ilə, jestləri, təmkini, nitqi ilə Böyük Liderdir!
Bir xalq nə qədər əməlisaleh olmalıdır ki, ona İlham Əliyev kimi lider qismət olsun!
Bu gün adını ürəyimizə yazdığımız İLHAM ƏLİYEVin doğum günüdür. Azərbaycanın xoşbəxtlik rəmzinə çevrilən Prezidentimizi Tanrı bizə çox görməsin!

Nazlı Onur
 
 
 

Seçilən
1
7news.az

1Mənbələr