AZ

ABŞ Taypeyi silahlandırır, Çin-Tayvan savaşı başlayır? - AÇIQLAMA

Ötən gün Çin Amerika administrasiyasının Tayvan adasına silah satmaq qərarı ilə bağlı narazılığını bildirib və ABŞ-yə təqdimat göndərib. Bu barədə Çin xarici işlər nazirliyinin rəsmi nümayəndəsi məlumat verib. “Bu, vahid Çin prinsipini, eləcə də Çin-ABŞ birgə üç kommünikesini ciddi şəkildə pozur. Çin kəskin narazılığını bildirir, qəti şəkildə qarşı çıxır və dərhal ABŞ-yə ciddi təqdimat göndərib” – bununla bağlı Çin xarici işlər nazirliyinin saytı onun nümayəndənin sözlərinə istinadən xəbər verir. Xarici İşlər Nazirliyi Amerikanın adaya hərbi yardımının Çinin suverenliyini və ərazi bütövlüyünü pozduğunu bildirib.

 

Maraqlıdır, sözügedən proses yeni müharibəyə səbəb ola bilərmi?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Tayvanla bağlı böhran zaman- zaman aktuallaşır.

 

Onun sözlərinə görə, bəzi tayvanlılar ölkə iqtisadiyyatının Çindən asılı vəziyyətə düşməsindən narahatdırlar:

 

“Digərləri isə hesab edir ki, daha sıx iqtisadi əlaqələr ÇXR-in Tayvana hücum etməsi ehtimalını azaldır. 2014-cü ildə Çin və Tayvan “İki ölkə arasında ticarət razılaşması” imzaladı. Bu, Tayvanda etirazçı “Günəbaxanlar hərəkatı”nın yaranmasına səbəb oldu. Çinin təsirinin artması potensialına etiraz edən hərəkat üzvləri, tələbələr və fəallar müvəqqəti olaraq Tayvan parlamentini ələ keçirə bildilər. Göründüyü kimi, tərəflər arasında münasibətlər gərgindir. ABŞ isə öz maraqları naminə Tayvandan Çinə qarşı istifadə edir. Ümumiyyətlə, ABŞ-nin rəqiblərinə qarşı siyasətində proksilərdən istifadə mühüm yer turur. Analoji siyasətdən fərqli regionlarda Rusiya və İrana qarşı da istifadə edilir.  Əslində Vaşinqtonun regionda uzun illərdir ki, yürütdüyü siyasət strateji ambivalentlik nümunəsidir: ABŞ rəsmi olaraq “vahid Çin” siyasətinə sadiqlik nümayiş etdirir, yalnız Pekini tanıyır və Taypeylə deyil, onunla diplomatik əlaqələr qurur. Amma ABŞ Tayvanla müttəfiqlik münasibətlərini də qoruyub saxlayır”.

 

Ekspert bildirdi ki, Çin ABŞ-nin Tayvanı silahlandırmasını özünə təhdid kimi qəbul edir:

 

“Bu, Pekin- Vaşinqton münasibətlərinə də zərbə vurur. ABŞ-də Cozef Bayden hakimiyyətinin sonuna yaxın Tayvanın yenidən silahlandırılması, yəqin ki, perspektivdə həm də gələcək Tramp hakimiyyətinə əlavə problemlər yaratmağa hesablanıb. Fikrimcə, Tramp hakimiyyətinin ən azı ilk vaxtlarında Çinlə münasibətlər qorunacaq. Tayvan üzərindən Çinə qarşı cəbhənin açılması isə hələ ki gözlənilmir. ABŞ hələ uzun illər Tayvan “kartından” Çinə qarşı istifadə edəcək”.

 

Günay Rəsulqızı

Seçilən
9
14
sfera.az

10Mənbələr