İranın Mülki Qeydiyyat Təşkilatının rəhbəri ölkədə uşaqlara ad verilməsi qaydalarına yenidən baxılacağını açıqlayıb.
İSNA xəbər agentliyinin məlumatına görə, təşkilatın rəhbəri Haşim Kargər bildirib ki, qurum "iranlı və islami" adların istifadəsini genişləndirmək və bu çərçivədən kənar adları "saflaşdırmaq" niyyətindədir. O vurğulayıb ki, bu kateqoriyaya daxil olmayan adların qoyulmasının qarşısı alınacaq.
Kargər həmçinin yaxın gələcəkdə uşaqların adlarının qeydə alınması və doğum şəhadətnamələrinin verilməsinin onlayn şəkildə həyata keçiriləcəyini açıqlayıb.
Kargərin "saflaşdırmaq" ifadəsi ilə nəyi nəzərdə tutduğu tam aydın deyil. Qeydiyyat Təşkilatının daha əvvəl şəxsiyyət vəsiqəsi verilmiş bəzi adların ləğvini planlaşdırdığı, təsdiqlənmiş adlar siyahısını yenidən nəzərdən keçiriləcəyi, ya da hər iki addımı atıb-atmayacağı bəlli deyil.
Lakin bu addım əvvəlki illərlə müqayisədə təsdiq olunmamış adlara qarşı daha sərt məhdudiyyətlərin tətbiq ediləcəyini göstərir.
Hər il İranda və xüsusilə İran Azərbaycanında bir çox ailə övladlarına qeydiyyat idarəsinin siyahısında olmayan türk adları vermək istədiklərinə görə şəxsiyyət vəsiqəsi almaqda çətinlik çəkir. Bu cür hallarda şəxsiyyət vəsiqəsinin alınması bir neçə aydan bir neçə ilə qədər uzana bilər. Bəzi ailələr hüquqi yollarla mübarizə apararaq, istədikləri adla şəxsiyyət vəsiqəsi almağa nail olurlar.
Bir çox ailə prosesin əvvəlində qeydiyyat idarəsinin təsdiqlədiyi adlardan birini seçməyə məcbur olur. Bəziləri isə məhkəmə onların müraciətlərini rədd etdikdən sonra istədikləri adlardan imtina edirlər. İstədikləri adı seçməkdə israr edən ailələr isə illərlə şəxsiyyət vəsiqəsi almayan uşaqları ilə çətinliklərə dözərək mübarizəni davam etdirirlər.
Müşahidəçilər hesab edirlər ki, İranın Qeydiyyat Təşkilatı "iranlılıq" anlayışını dar çərçivədə təqdim edir və bu da bir çox türk adının bu çərçivədən kənarda qalmasına səbəb olur. Tənqidçilər bildirirlər ki, Qeydiyyat Təşkilatının təsdiqlədiyi adlar siyahısında nə İran, nə də İslam mənşəli olmayan adlar var və buna baxmayaraq, həmin adlar siyahıda saxlanılır.
Tənqidçilər bu siyasəti ayrı-seçkilik adlandırır və belə məhdudiyyətlərin İranda etnik qrupların mədəni və dil hüquqlarını pozduğunu, mədəni müxtəliflik prinsiplərinə zidd olduğunu və qeyri-fars icmaların kimliyinin qorunmasına maneə yaratdığını bildirirlər.
visiontv.az