AZ

“TikTok” da nə baş verir? – “Yeni qanun...”

Xəbər verdiyimiz kimi, bir vaxtların tanınmış teleaparıcısı Azər Zahid də daxil olmaqla, bir çox tiktoker polis tərəfindən saxlanılıb. Bildirilib ki,  “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Sosioloq Üzeyir Şəfiyev sözügedən məsələyə ilə bağlı Yenisabah.az-a danışıb. O, qeyd edib ki, baş verən hadisələr cəmiyyətimizdə sosial şəbəkə fəaliyyətini tənzimləyən qanununun yaranmasını zəruri edir:

“Sosial platformalar reallığında yaşayırıq. Əlbəttə, bunu tam ləğv etmək olmaz. Çünki sosial şəbəkələri praqmatik məqsədlərlə istifadə edən kifayət qədər istifadəçi var ki, platforma üzərindən təhsil və iş kariyerasını idarə edir. Əlbəttə bunları nəzərə almaq lazımdır. Amma bütün bunlarla yanaşı, sosial şəbəkələrin, eləcə də Tiktok sosial platformasının kifayət qədər fəsadları da var. Baxmayaraq ki, Tiktok Çində ərsəyə gəlib, ancaq həmin ölkədə tətbiqin özündən yox analoqundan istifadə edilir. Hətta analoqu belə uşaqlarda klip sendromu yaratdığına görə uşaqlara bu tətbiqdən istifadə üçün 45 dəqiqəlik limit qoyulub. Avropa ölkələrində isə məmurlar və dövlət işçilərinin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulub. Eləcə də, ABŞ-ın bəzi ştatlarında, qardaş Türkiyədə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən qanun qəbul olunub. Sosial şəbəkə istifadəçilərində çox yalnış təsəvvür var. Nədənsə onlara elə gəlir ki, ümumiyyətlə, sosial şəbəkələr boz zonadır, burada hər cür paylaşımları, oyunları, hüquqa zidd davranışları sərgiləmək olar və bu heç bir hüquqi məsuliyyət yaratmayacaq. Ancaq onlar çox böyük yanlışlığa yol verir. Necə ki, real həyatda qeyri-hüquqi və əxlaqa zidd davranışlar məsuliyyət yaradır, eləcə də sosial platformalarda da bu keçərlidir. Cinayət Məcəlləsinin 148.1 maddəsinə əsasən, eləcə də “Media haqqında” qanunun 10,14-cü maddəsində bu tənzimlənmə mexanizmi var. Bununla yanaşı olaraq, cinayət prosessual məcəlləsinin 37-ci maddəsi və mülki məcəllənin 23-cü maddəsində bu məsələlər öz əksini tapıb. Bütün bunlarla yanaşı, müşahidələrimiz onu deməyə əsas verir ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləyəcək ayrıca bir qanuna ehtiyac var. Əslində bu fəsadları nəzərə alaraq, ölkə başçımız 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması haqqında qanun imzalayıb”.

Sosioloq onu da vurğulayıb ki, hazırda sosial şəbəkələr uşaq və yeniyetmələrin formalaşmasına təhsil və ailədən daha çox təsir göstərir:

“Hesab edirəm ki, ümumiyyətlə, sosial şəbəkələr üzərindən mütəmadi olaraq, monitorinqlər həyata keçirilməlidir. Hüquqa zidd paylaşımlar edən, oyunlar təşkil edən şəxslər məsuliyyətə cəlb olunmalıdır. Buna görə də Kütləvi İnformasiya Vasitələri tərəfindən, eyni zamanda sosial media üzərindən ifşa edilməlidirlər. Bu kampaniya xarakterli yox, ardıcıl şəkildə həyata keçirilməlidir. Sosial şəbəkə istifadəçiləri məsələ barədə maarifləndirilməlidirlər. Gənclərin hüquqi savadlılığı olmadığına görə, onlara elə gəlir ki, istənilən paylaşımı edə bilərlər. 2017-ci ildə Almaniya höküməti ilə sosial şəbəkə operatorları arasında müqavilə bağlandı. Həmin razılaşmaya əsasən, istifadəçilər saxta, trol adlarla qanuna uyğun olmayan əməllər törədirsə, Almaniya hökümətinə həmin istifadəçinin kimliyi təqdim edilir və bununla bağlı müəyyən ölçü götürülür. Oxşar qanun Azərbaycanda da qəbul oluna bilər. Bu məsələdə iki istiqamətdə çalışmaq olar. İlk olaraq maarifləndirici, digər tərəfdən isə qanunvericiliyin təkminləşdirilməsi ilə bağlı işlər görülməlidir. Eyni zamanda təklif edərdim ki, sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunsun. Hər cür oyun, paylaşım, informasiyalar sosial mediaya yer tapmasın. Çünki uşaq və yeniyetmələrin formalaşmasında sosial platformalar bu gün ailədən və təhsildən daha çox rol oynayır. Ona görə də sosial şəbəkələr sağlam formalaşmalıdır”.  

Aytac Şahin


Telegram kanalımız
Seçilən
17
3
yenisabah.az

4Mənbələr