Vüqar Bayramov: “...Yeni sosial paketə start verildi”
Azərbaycan dövləti əhalinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı siyasət həyata keçirir. Əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən mətbuata verilən məlumata görə, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 2024-cü il 23 dekabr tarixli Sərəncam ölkə başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını və bu məqsədlə aparılan sosial islahatların uğurla davam etdirildiyini bir daha göstərir.
Sərəncama əsasən, 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, 2025-ci il fevralın 1-dən əmək pensiyasının minimum məbləği 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Bu artımlarla birgə artıq 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1 dəfə, minimum pensiyada 3 dəfəyədək artıma nail olunub.
Yeni sosial islahat paketində digər sosial ödənişlərin artırılması da yer alıb. Sərəncamla Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində Prezidentə təqdim edəcək.
2018-2024-cü illərdə müavinət və təqaüd ödənişlərində 5 dəfə artım baş verib və göründüyü kimi, bu artım dinamikası gələn il də davam edəcək.
Həmçinin Sərəncamla Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə aylıq tarif (vəzifə) maaşlarının minimum aylıq əməkhaqqının artırılmış yeni məbləğinə uyğunlaşdırılmasını təmin edəcək.
Beləliklə, həmin sahələr (sosial, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s.) üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək.
Yeni Sərəncamla icrasına başlanan növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək və onlara yönələn əməkhaqqı, pensiya, müavinət və təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Ölkədə əməkhaqlarının, pensiya və müavinətlərin, təqaüdlərin artırılması artıq bir ənənə halını alıb. Bu, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasında nə kimi rol oynayır?
“Öncədən proqnozlaşdırıldığı kimi, həm minimum əmək haqqında, həm də minimum pensiyada artımlar ikirəqəmli olacaq”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə şərhində “Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə yeni sosial paketə start verildi. Bu sənəd Azərbaycanda əhalinin sosial təminatının daha da gücləndirilməsinin prioritetliyini və dövlət başçısının siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipinin dayandığını bir daha təsdiq etdi.
Sənədlə gələn aydan minimum aylıq əməkhaqqının məbləği 345 manatdan 16 faiz artımla 400 manata, əmək pensiyasının minimum məbləği isə 280 manatdan 14,3 faiz artımla 320 manata çatdırılacaq.
Öncədən proqnozlaşdırıldığı kimi, həm minimum əmək haqqında, həm də minimum pensiyada artımlar ikirəqəmli olacaq. Minimum əməkhaqqındakı artım yalnız aşağı maaş alanlara şamil edilmir. Eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da minimum əmək haqqı məbləğindəki dəyişklikliyə uyğunlaşdırılaraq artırılır”-deyə bildirdi.
Millət vəkili qeyd etdi ki, iqtisadiyyatın fərqli sahələrində çalışan və dövlət qulluqçusu statusu olmayan vətəndaşlarımızın əməkhaqları VTC əsasında dövlət büdcəsindən maliyyələşdirilir. “Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilir. Minimum əməkhaqqının artımı praktik olaraq bütün dərəcələr üzrə artımlara səbəb olacaq. Bu zaman əmək haqqının minimum səviyyədən az və çox olması xüsusi önəm daşımır.
Artımlar həmçinin özəl sektoru da əhatə edəcək. Çünki minimum əmək haqqı artımları mülkiyyət növündən asılı olmayaraq bütün sektorlarda çalışan və aşağı maaş alan işçiləri əhatə edir. Yəni heç bir sektorda minimum əmək haqqı məbləğindən aşağı maaş ödənilə bilməz”-deyə millət vəkili vurğuladı.
İradə SARIYEVA