"Siyəzən Broyler" MMC Zaqafqaziyanın ən böyük, MDB-nin ikinci ən böyük quşçuluq fabrikidir. Həmin fabrik istehsal zəncirinin başlanğıcından sonunadək bütün fəaliyyət sahələrini əhatə edir. Müəssisə inkubatoriyadan başlamış yetişdirmə sahələri, yem emalı, kəsimxana və nəticədə istehlakçıya məhsulun çatdırılması ilə bağlı bütün fəaliyyət sahələri ilə məşğuldur. Kəsim prosesində bütün sanitar-gigiyenik normalara əməl olunur. Xüsusilə halallıq kriteriyalarına diqqət yetirilir. Bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ilk dəfə olaraq quşçuluq sahəsində "Siyəzən Broyler" MMC "HALAL" uyğunluq sertifikatını aldı. Təbii ki, bundan əvvəl də halallıq sertifikatları var idi. Lakin müəssisənin yerli sertifikat və İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun uyğunluq sertifikatını almış bir sənədləşmə ilə artıq ölkəmizdə quşçuluq sahəsində ixrac potensialı kifayət qədər artmış oldu. Bu, bizə məhsullarımızı Yaxın Şərq, İslam ölkələrinə ixrac etməyimizə böyük potensial yaradacaq.
Bu sözləri mediaya açıqlamasında "Siyəzən Broyler" MMC-nin direktoru Cavid Abbasov bildirib.
O, qeyd edib ki, müəssisənin iki ədəd kəsimxanası var. Hər biri saatda 10 min baş quş kəsmə tutumuna malikdir. Kəsimxanalarda qablaşdırma və kəsim prosesi tamamilə avtomatlaşdırılıb. Kəsim prosesi toyuq emalının ən kritik sahəsidir. Təbii ki, bütün sahələr önəmlidir, lakin kəsim prosesinin düzgün aparılmaması toyuqda bakteoroloji çirklənmələrə, yoluxmalara səbəb ola bilər. Buna görə də biz Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə birlikdə və 'Siyəzən Broyler"ə məxsus laboratoriyalarda daimi olaraq quşun ilk cücə halından, 8-ci, 18-ci, 28-ci günlərdə, kəsimə gəlməmişdən əvvəl və kəsimdən sonra qan analizləri, ətindən analizlər alınaraq həm bakteoroloji, həm mikrobioloji, həm də yaxma analizləri aparırıq. Yuma prosesinə də çox həssaslıqla yanaşılır. Yuma prosesində hər hansı yoluxma olmasın deyə dəfələrlə laborator analizlərdən keçirilir.
Cavid Abbasov bildirib ki, umumiyyətlə, müəssisə Siyəzən rayonunda ən böyük müəssisədir və rayonun birbaşa və dolayı olaraq 60-70 faiz əhalisi burada çalışır. "Siyəzən Broyler"i həm də sosial bir müəssisə adlandırmaq olar. Əkin sahələri, işçilər üçün yaradılan digər şəraitlər onun sosial bir müəssisə olmasının göstəricisidir. "Siyəzən Broyler" sıfır tullantı sertifikatını alıb. Bura suların təkrar emalı, karbon emissiyasının azaldılması, menecmentlik və davamlılıq siyasəti ilə bağlı sertifikatlaşdırmadan keçib. Bu da o deməkdir ki, SƏTƏM normalarına da ciddi riayət edirik. Həm əməyin mühafizəsi, həm də ətraf mühitin qorunması sahələrinə "Siyəzən Broyler" öz töhfəsini verir. Quş peyini də təkrar emal olunaraq ondan orqamineral gübrələr alınmaqla təkrar torpağa qazandırılır. Bu da öz növbəsində bitkiçiliyin, əkinçilyin inkişafına səbəb olur.
Yaqut Ağaşahqızı, "İki sahil"