AZ

"Tramp Qrenlandiya ilə yanaşı Panama kanalına da iddia edir" - "The Hill"

"ABŞ-ın Panamaya göstərdiyi səxavətin müqabilində Panama bizimlə ədalətsiz və vicdansızcasına davranır..."
 
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp təkcə Qrenlandiya adasının deyil, həm də məşhur Panama kanalının Amerikaya birləşdirilməsinə iddia edir. Bu, Trampın öz müttəfiqlərinə qarşı böyük iddialar siyahısının yalnız kiçik bir hissəsidir.
 
Moderator.az xəbər verir ki, bu barədə "The Hill" nəşri yazıb.
 
Son zamanlar Tramp bir neçə dəfə Panama kanalından keçən Amerika gəmilərindən həddə artıq çox ödəniş alındığından şikayətlənib. Bəzən o, açıq şəkildə kanalın amerikalıların nəzarətinə qaytarılmasının mümkünlüyü məsələsini qaldırıb.
 
"Bizim hərbi-dəniz qüvvələrimiz və ticarətimizlə çox ədalətsiz və vicdansızcasına davranılır. Panamanın götürdüyü rüsum xüsusilə ABŞ-ın Panamaya göstərdiyi səxavəti nəzərə alsaq gülməlidir. Bu, bizim dövlətimizdən edilən əsl "oğurluqdur" və dərhal dayandırılmalıdır", - o, sosial şəbəkələrdə yazıb.
 
Donald Tramp həmçinin Çinin kanalın üstünlüklərindən istifadə etməsi ilə bağlı öz narahatlığını ifadə edib və Pekinin, guya, kanalın işinə təsir edə biləcəyinə eyham vurub.
 
Panama Trampın iddialarını rədd edib. Prezident Xose Raul Mulino qeyd edib ki, gəmilərin keçidinə görə tariflər "kimsənin xoşuna görə" müəyyən edilmir. 
 
"Prezident kimi mən aydın şəkildə demək istəyirəm ki, Panama kanalı və ona bitişik ərazinin hər kvadrat kilometri Panamaya məxsusdur və belə olaraq qalacaq. Ölkəmizin suverenliyi və müstəqilliyi müzakirə edilmir", - Mulino deyib.
 
Respublikaçılar Partiyasından strateq və CNN şərhçisi Ana Navvaro deyib ki, Trampın təhdidinin həyata keçirilməsinə yönələn istənilən cəhd, böyük ehtimalla, hərbi əməliyyatlar tələb edəcək.
 
Panama kanalının ABŞ-a nə aidiyyəti var?
 
Hələ XIX əsrdə fransızlar Panama kanalını inşa etməyə cəhd göstərib, lakin bir sıra səbəblərdən uğursuzluğa düçar olub. XX əsrin əvvəlində bu layihə amerikalıların əlinə keçib və 1914-cü ildə kanal inşa edilib.
 
Panama kanalı indiyədək dünya ticarəti üçün böyük əhəmiyyət kəsb edib, lakin bu kanal daha çox ABŞ-a lazım olub, çünki malların ABŞ-ın qərb və şərq sahilləri arasında dənizlə tədarük edilməsinin vaxtını azaltmağa inkan verib. Ən başlıcası isə amerikalılar Sakit və Atlantik okeanları arasında hərbi donanmanı tez bir zamanda yerləşdirmək imkanı qazanıb.
 
Lap əvvəldən dövlətlərarası sazişə əsasən, ABŞ və Panama arasında Panama kanalı və ona bitişik zonaya
amerikalılar nəzarət edib.
 
İkinci dünya savaşından sonra Panama cəmiyyəti Panama kanalının bir hissəsinin faktiki olaraq xarici dövlət tərəfindən nəzarət edilməsinə öz narazılığını ifadə etməyə başlayıb. Bu, bir sıra insidentlərə səbəb olub, onlardan biri hətta Panama ilə ABŞ arasında diplomatik münasibətlərin müvəqqəti kəsilməsi ilə sonuclanıb.
 
Nəhayət, 1977-ci ildə Torrixos-Karter sazişi imzalanıb, bu sazişə görə, Panama kanalına nəzarətin tədricən Panamaya veriləcəyi nəzərdə tutulub. 31 dekabr 1999-cu ildə Panama kanalına tam nəzarət Panamaya keçib.
Seçilən
13
moderator.az

1Mənbələr