Sumqayıt şəhərinin "Xəzər bağları" yaşayış massivinin sakinləri yollarının bərbad vəziyyətdə olmasından şikayətçidirlər.
Avtosfer.az xəbər verir ki, Oxu.az-a danışan sakinlərin sözlərinə görə, yayda toz-dumandan, qışda isə palçıqdan bu yollar keçilməz halda olur:
"Yolların bərbad vəziyyətdə olması sakinlərin həyatını çətinləşdirib. Bu küçənin sakinləri illərdir yol sarıdan çətinlik çəkirlər. Sumqayıt şəhərinin küçələrinin asfaltlanması layihəsi əsasında işlərə başlanılsa da, abadlıq işləri bunlara şamil edilməyib. Həmrəylik küçəsi aidiyyəti qurumlar tərəfindən unudulub. Yağışlı havalarda ərazi keçilməz olur. Bu küçəyə nə taksi, nə də təcili tibbi yardım maşını gəlir".
Sumqayıt Bələdiyyəsinin mətbuat katibi Səbuhi Elnur bildirib ki, şəhər ərazisində bərpaya ehtiyac olan küçə və yollara asfalt örtüyünün ən yaxın perspektivdə çəkilməsi nəzərdə tutulub:
"Sumqayıt Bələdiyyəsi yola salmağa hazırlaşdığımız 2024-cü ildə qarşıya qoyulan planlamaya əsasən, bir çox abadlıq-quruculuq işləri həyata keçirib. Belə ki, şəhərdə müxtəlif küçələr abadlaşdırılıb, 300 minə yaxın ağac və gül kolları əkilib, Yaşma bağları ərazində uzunluğu 8 km olan səs izolyasiyalı divar çəkilib, ətrafı abadlaşdırlıb, məhəllə və mikrorayondaxili, o cümlədən Xəzər bağlarındakı yollar sakinlərin gediş-gəlişini rahatlaşdırmaq üçün asfaltlanıb. Bildiyiniz kimi, asfaltlama böyük büdcə tələb edən və qış fəslini, yağıntını sevməyən bir işdir".