“TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür. Vətəndaşların narazılığına səbəb olan bir sıra "TikTok" istifadəçiləri saxlanılıb.
Burada əsas səbəb əxlaqsız davranışların sərgilənməsi olub.
Modern.az-a danışan Mətbuat Şurasının üzvü Fərid Pərdəşünas bildirib ki, valideynlər övladları ilə mübarizə apara bilmirlər, onların üz tutduqları platforma məhz "TikTok" olur:
"Şəxsən düşünürəm ki, həmin məzmunlar arasında xuliqanlığı təbliğ edən detallar da olduğuna görə Daxili İşlər Nazirliyi məsələyə müdaxilə etməli olub. Son məlumatlara görə bu istiqamətdə bir neçə nəfər həbs olunub. Ümumiyyətlə, statistika göstərir ki, TikTok Azərbaycanda kifayət qədər populyardır. Sosial şəbəklər arasında "TikTok" istifadəçi sayına görə Azərbaycanda birinci yerdədir. Təəssüf ki, "TikTok" sosial şəbəkəsi nə qədər azyaşlı istifadəçinin olduğunu açıqlamır. Əsaslı ehtimallar deməyə imkan verir ki, azyaşlılar bu platfomada üstünlük təşkil edir. Ümumiyyətlə yetkinlik və sosial şəbəkədən istifadə yaşına çatmayan 13 yaşına qədər olan uşaqlar belə öz yaşlarını dəyişdirərək bu platformadan istifadə edirlər. Artıq valideynlər evdə övladları ilə mübarizə apara bilmirlər. Onların ilk üz tutduqları platforma məhz "TikTok"dur. Bu sosial şəbəkədə canlı yayımlar son zamanlar aktivləşib. Qeyri-etik, əxlaqı olmayan məzmunlar göstərilir,bəzən də narkotik vasitələrin təbliğatı aparılır. Məzmunlar son dövrlərdə daha da pisləşib. Bu, cəmiyyətdə rezonans doğurdu. Ümumiyyətlə son baş verənlər, yaradılan realiti şou-lar, burada yarışmaçıların bir-birilərinə atmacaları, atmacadan daha çox təhqirləri, qeyri-əxlaqi ifadələr cəmiyyətdə müzakirə mövzusuna çevrildi. Son olaraq, Daxili İşlər Naizrliyinin bu istiqamətdə müdaxiləsini gördük".
Fərid Pərdəşünas valideynlərin də üzərinə vəzifə düşüyünü deyib:
"Dünyada bir çox ölkələrdə "TikTok" sosial şəbəkəsinin bloklanması aktual məsələdir. Lakin bu, qeyri-əxlaqi məsələlərə görə yox, istifadəçilərin normal təhlükəsizliyi ilə əlaqədardır. Həmin ölkələr bu platformanı Çin hökuməti ilə bağlayırlar. Düşünürlər ki, Çin hökuməti dünya üzrə istifadəçilərin datalarını yığır. Azərbaycanda platformanın bloklanması məsələsi hələki müzakirə olunmur. Sadəcə olaraq, platfomrada olan cəmiyyətə mənfi təsir edə biləcək məzmunlar istehsal edən aktiv istifadəçilərə qarşı tədbirlər görülür. Düşünürəm ki, platfomraları bağlamaq çıxış yolu deyil. Cəmiyyəti maarifləndirib, formalaşdırmaq lazımdır ki, onlar normal məzmunlara daha çox önəm versinlər. Təbii ki, valideynlər uşaqlarına qarşı ehtiyyatlı olmalıdırlar. Bu kimi məzmunlarla yetkinlik və sosial şəbəkədən istifadə yaşına çatmamışlar qarşılaşmamalıdırlar. Burada həm valideynlərin, həm cəmiyyətin, həm də dövlətin üzərinə böyük yük düşür. Kompleks tədbirlər görülməlidir ki, bu məzmunların Azərbyacanda yayılmasının qarşısını alaq".