AZ

"Qarşıya yalnız nəticəni məqsəd qoysaq, perspektiv cəhətdən geri qalacağıq" - Arif Əsədov

Gənclər arasında dünya (1987) və Avropa (1988) çempionu olan, həmçinin "Neftçi" ilə həm futbolçu, həm də məşqçi kimi (əsas və əvəzedici komandalarda) Azərbaycan çempionu tituluna yiyələnən Arif Əsədov adını ölkənin futbol tarixinə yazmış idman adamıdır. Azərbaycan U-19-una iki dönəm (2007, 2012-2014) rəhbərlik edərək ilk dəfə mərhələ adlayan, son olaraq əsas millinin baş məşqçisi postunu tutan 54 yaşlı Əsədov təcrübəli mütəxəssislərimizdəndir. 

Fanat.Az Arif Əsədovla ilin yekunları, çempionatın ilk yarısı, milli, uşaq futbolu və sair mövzularla bağlı geniş söhbət edib:

- Çempionatın ilk yarısını necə dəyərləndirərdiniz? 
- Ümumi götürsək, klublarımızın tam hazır olmadığı göründü. Bu onların qeyri-sabit çıxışlarında nəzərə çarpırdı. Komandalar var ki, turnir cədvəlinin ön sıralarında olmaları proqnozlaşdırılırdı, onlar hələki geridədirlər. "Neftçi"nin, "Sabah"ın adını çəkə bilərəm. Təsadüfi deyil ki, iki dövrə ərzində bir neçə klubda məşqçi istefası reallaşdı. 
"Qarabağ" bu çempionatda da 1-ci yer üçün favoritdir. Baxmayaraq ki, onların da oyunlarında eniş müşahidə olundu. Bu da məlum məsələdir, həm çempionat, həm avrokubokda oynadıqları üçün yorğunluq özünü göstərdi. 
Komandaları üç kateqoriyaya bölsək, çempionatda avrokubok uğrunda "Qarabağ", "Araz-Naxçıvan", "Turan Tovuz", "Zirə" və "Sabah" mübarizə aparacaq. 
Ortabab komanda statusuna "Sumqayıt", "Şamaxı" və "Neftçi" uyğundur. Premyer Liqada qalmaq uğrunda mübarizə isə sona qədər "Kəpəz" və "Səbail" arasında gedəcək. 


- Çempionatın sürpriz komandası hansıdır?
- İlk növbədə "Araz-Naxçıvan"ın adını çəkə bilərəm. Sabit oyun və davamlı nəticələrlə üst pillələrdədir. "Turan Tovuz" da yaxşı çıxış edir. Sözsüz ki, burada Kurban Berdiyev faktoru var. 

"Deməli, həmin klub pulu transferə düzgün xərcləməyib"

- "Qarabağ"ı çıxmaq şərtilə komandalar arasında səviyyə fərqi çox da hiss olunmur. Baxmayaraq ki, bəzi klubların büdcə fərqi kəskin seçilir. Bunu nə ilə əlaqələndirərdiniz?
- Hər bir klubun inkişafında maliyyənin böyük təsiri var. Komandalar büdcəsinə görə hərəkət edirlər. Amma elə klub var ki, maliyyəsini düzgün xərcləmir, əksinə, imkanı zəif olan digəri isə ondan səmərəli istifadə edir və bu, nəticədə də əksini tapır. Büdcə yaxşı ola bilər, ancaq transferlərdə yarıtmaq, klubun, məşqçinin fəlsəfəsinə uyğun oyunçu seçmək şərtdir. Baxırsan ki, imkanlı klubun komandası ilə aşağı büdcəli komanda qarşılaşır, amma hər ikisi aşağı-yuxarı eyni səviyyəli oyun sərgiləyir. Deməli, büdcəsi yaxşı olan klub pulu transferə düzgün xərcləməyib.    

- Qış fasiləsinə kimi neçə məşqçi dəyişikliyi baş verdi. Bu, klubların seçimlərində yanlışlıqla əlaqədardır, yoxsa məşqçilər şanslarını dəyərləndirə bilmirlər?
- Sevindirici haldır ki, artıq klublarımızda gənc məşqçilərə işləmək şansı yaradılır. Düzdür, futbolçu karyerasını bitirən kimi məşqçi fəaliyyətinə başlamaq bir az təəccüblü görünə bilər, ancaq klublarımız o şansı da yaradır. Buna misal olaraq "Sumqayıt" klubunun baş məşqçisi Vaqif Cavadovu nümunə göstərmək olar. Nəticəsi yaxşıdır. 

"Hər bir gənc məşqçinin iddiası olmalıdır"

- Əsas komandada baş məşqçi kimi ilk sınağınız "Neftçi"də olub və ilk cəhddən çempionluq əldə etmisiniz. Bu sınaqlardan keçmiş təcrübəli məşqçi kimi, gənc çalışdırıcılara tövsiyyəniz nə olar?
- Hər bir gənc məşqçinin iddiası olmalıdır. Komandanın sükanı arxasına keçdiyi zaman qarşısındakı məqsəd ön sıralara yüksəlmək və güclülər arasında yer tutmaq olmalıdır. Bu məqsədə çatmaq üçün əlindən gələni etməlidir.

- Arif müəllim, bilirik ki, gənc futbolçularla çalışmağı, onların potensialını artırmağı sevirsiniz. İlk iki dövrədə yeni ümid verən adlar görə bildinizmi?
- İlk növbədə "Neftçi"də gənc Murad Məmmədovun adını çəkə bilərəm. Debüt şansı veriləndən sonra özünü yaxşı tərəfdən göstərir. "Şamaxı"da Edqar Adilxanovun adını çəkə bilərəm. "Sabah"da Xəyal Əliyev ümid verir. Düzdür, son vaxtlar ona az şans verilir, amma perspektivli uşaqdır. Məşqçilər yerli, gənc futbolçulara şans verməlidirlər ki, onlar da özlərini göstərə bilsinlər. 

- Yeniyetmə-gənclər arasında Avropa və dünya çempionu kimi perspektivli futbolçularımıza o səviyyəyə yüksəlmələri üçün tövsiyyələriniz nə olar?
- Daim üzərində işləmək... Bir az əvvəl seçilən gənclərdən danışdım, onlara şans verilməli olduğunu bildirdim. Onlar da öz növbələrində burunlarını qaldırmamalı, başlarını aşağı salıb üzərlərində işləməli, təcrübə toplamalıdırlar. Azərbaycan mentalitetində var, adı tez-tez çəkilən kimi, media onları tərifləyəndə "ulduz xəstəliyi"nə tutulurlar. Uğurlu karyera qurmaq istəyirlərsə, belə fikirlərdən uzaq olmalıdırlar. Əksinə, komandanın ümumi məşqi ilə kifayətlənməyib fərdi şəkildə də çalışmalıdırlar.     

"Qurban Qurbanov gənclərin potensialından düzgün yararlanır"

- Yeri gəlmişkən, məşqçilikdə bütün mərhələləri keçmisiniz (aşağı yaş  qrupları yığması, "Neftçi"də əvəzedicilərlə çempionluq qazandıqdan sonra əsas komandaya və milliyə məşqçi). Vaxtilə U-19-la Kiprdə ermənilər üzərində tarixi qələbə xatirələrdədir. Bu mövsüm aşağı yaş qrupları yığmaları acınacaqlı nəticələrlə yadda qaldılar. Doğrudanmı yerli futbolçular yox dərəcəsindədir, yoxsa səbəblər başqadır?
- "Acınacaqlı" sözünüzlə razılaşmıram, düşünmürəm ki, vəziyyət o həddədir. Bizdə istedadlı futbolçular var. Əvvəllər də olub. Sadəcə, düzgün seleksiya işi, futbolçunun potensialını açmaq üçün yanaşma, oyun üslubu olmalıdır. Tarixən azərbaycanlı futbolçular topla oynamağı, hücum etməyi daha çox sevir, bunu daha yaxşı bacarırlar. Necə ki, "Qarabağ"dakı yerli uşaqlar bu cəhətdən öndədirlər. Çünki "Qarabağ"da bəlli oyun üslubu, bəlli fəlsəfə var. Qurban Qurbanov gənclərin potensialından düzgün yararlanır.     


- Milli komanda son qələbəsini sizinlə qazandı. 2024-cü ili əsas milli prizmasından necə dəyərləndirmək olar? Fernandu Santuşla D liqasına düşəcəyimizi gözləyirdinizmi?
- Qeyd etdiyiniz kimi, bu il milli komanda üçün uğursuz oldu. İstəməzdim, ümumiyyətlə heç kim arzulamazdı ki, D liqasına düşək. Amma futbolda uğursuzluqlar qaçılmazdır. Ümid edək ki, millimiz üçün uğurlu dönəm başlayacaq.  

- Bilirik ki, öz üzərinizdə daima çalışırsınız, hazırda biliyinizi məşqçilər kurslarında həmkarlarımızla bölüşürsünüz. Ümid verən məşqçilər varmı?
- Gördüyünüz kimi, yeni nəsil məşqçilərimiz yetişir. Həm Premyer Liqada, həm aşağı yaş qruplarından ibarət komandalarda çalışırlar. Sözümün canı odur ki, bizdə istedadlı məşqçilər var. Bunda maariflənmənin böyük rolu qeyd olunmalıdır. Hansı ki, ona Aslan Kərimov rəhbərlik edir. Beynəlxalq seminarlar zamanı UEFA bu məqamı daim qiymətləndirir. Bizim instruktorlar gənc məşqçilərə futbolun yeniliklərini, məşqçi işinin incəliklərini gənclərə çatdırmağa çalışırlar.  

- Uşaq futbolunda vəziyyət acınacalıdır. Futbolu sistemli hala salmaq üçün nələr edilməlidir?
- Ən ağrılı mövzudur. Yeni rəhbərliyin gəlişindən sonra futbolun inkişafı strategiyası hazırlanır. Əsas yanaşmalardan biri məhz uşaq futbolu ilə bağlı olmalıdır. Ümid edirəm ki, həm infrastruktur, həm aşağı yaş qrupları ilə bağlı illərdir əziyyət çəkdiyimiz problemlərə kompleks yanaşma orada əksini tapacaq.  

"U-19-la ermənilərə qalib gəldiyimiz həmin futbolçular əsas milliyə də faydalı oldular"

- Ümid var ki, gələcəkdə Arif Əsədov, Tərlan Əhmədov, Vladislav Qədirov kimi futbolçularımız yenidən gənclər arasında Avropa və dünya çempionluğunu qazanacaq, heç olmasa Azərbaycan final mərhələsinə yüksələcək?
- Mən və adını sadaladığınız digər həmkarlar SSRİ adlı nəhəng dövlətdə, seçimlərin böyük olduğu dövrdə, yəni daha çətin şərtlər altında həmin uğura yiyələnmişik. Futbolçularımıza bundan sonra dünya çempionluğu arzulamaq utopiya olar, amma aşağı yaş qrupları üzrə millilərimiz seçmə oyunlarda öz qruplarından çıxmalıdırlar. Düzdür, U-19, U-17 bir-iki dəfə bunu bacarıb. Amma bunu mütəmadi etməlidirlər ki, Avropa çempionatında oyun təcrübələri artsın, püxtələşsinlər. Bundan qazanan həm də əsas milli olacaq. Ad çəkmək istəmirəm, yəqin bilirsiniz ki, U-19-la ermənilərə qalib gəldiyimiz həmin futbolçular sonradan əsas milliyə də faydalı oldular.    

- 2025-ci ildə gözləntiləriniz nədir?
- 2025-ci illə bağlı gözləntilərim Azərbaycan futbolundakı uğursuzluqların 2024-də qalması və yeni ildə istər milli, istərsə də klub səviyyəsində ölkəmizin özünü ən yaxşı şəkildə göstərməsidir. Arzu edirəm ki, klublarımızın hər biri Avropada ölkəmizi ən yaxşı şəkildə təmsil etsinlər, qrup mərhələsinə yüksəlsinlər. Eyni zamanda, liqamızda çıxış edən hər bir klub yalnız nəticə arxasınca qaçmayıb gənc futbolçuların yetişməsində rol oynamalıdır. Qarşıya sadəcə nəticəni məqsəd qoysaq, perspektiv cəhətdən geri qalacağıq.

Mirağa

Seçilən
7
fanat.az

1Mənbələr