Braziliyanın “Embraer” təyyarə istehsalı konsorsiumu Aktaudakı təyyarə qəzasından sonra rəsmi açıqlama verib.
“Qafqazinfo”nun xarici KİV-ə istinadən xəbərinə görə, şirkət təyyarənin göyərtəsində uçuşlara mane olacaq heç bir qüsur aşkar edilmədiyini, hətta bunu “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyinin də təsdiqlədiyini bəyan edib: “Həlak olanların ailələrinə, dostlarına, həmkarlarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Biz bütün prosesləri yaxından izləyirik və müvafiq orqanlara tam dəstək verməyə hazırıq”.
AZAL-ın məlumatında isə deyilir ki, hava gəmisinin ümumi eniş sayı 9949, ümumi uçuş müddəti isə 15257,22 saat təşkil edir. Təyyarənin son tam texniki yoxlanışı 2024-cü il oktyabrın 18-də aparılıb. Son yoxlamadan sonra 671 uçuş saatı keçib.
Xatırladaq ki, ötən gün “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Hadisə nəticəsində 38 nəfər həlak olub. 29 nəfər, o cümlədən iki uşaq xəsarət alıb.