AZ

Vitse-spiker qəzadan danışdı: "Heç bir ölkə sığortalanmayıb"

Milli Məclisin vitse-spikeri Musa Qasımlı AZAL-a məxsus "Embraer 190" təyarrəsinin qəzası ilə bağlı paylaşım edib.

Modern.az xəbər verir ki, o, bu barədə "Facebook" səhifəsində yazıb.

Vitse spiker paylaşımda qeyd edib ki, təyyarə qəzalarından dünyanın heç bir şirkəti, heç bir ölkəsi sığortalanmayıb:

"Baş verən qəza dünyada birinci və sonuncu deyildir. Bizdə olmamışdı. Nə etmək olar, bizdə də oldu. Allah bundan sonra göstərməsin.

Həyatlarını itirənlərə Allah rəhmət etsin!"

M.Qasımlı əlavə edib ki, belə fövqəladə hallarda başlıca məsələ dövlət hakimiyyəti orqanlarının necə davranmasıdır:

"Bununla bağlı olaraq bəzi fikirlərimi vurğulamağı zəruri hesab edirəm.Birincisi, səfərə gedən cənab Prezidentimiz İlham Əliyevin bu xəbəri təyyarəsi hələ havada ikən eşidən kimi dərhal təlimatlarını verməsi, səfərini təxirə salaraq geriyə dönməsi, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yerə enən kimi elə oradaca təcili müşavirə keçirməsi, həyatını itirənlərin ailələrinə başsağlığı verməsi, dövlət komissiyasını yaratması, 26 dekabrı matəm günü elan etməsi, verdiyi təlimata uyğun olaraq müvafiq qurumların rəhbərlərinin və nümayəndələrinin dərhal qəza yerinə getməsi, qəzadan sağ çıxanlara xəstəxanada baş çəkilməsi, yardımlar edilməsi, qəzaya düşən şəxslərin ailələri ilə əlaqə saxlanılması və s. dövlət başçımızın heyrətamiz iş üslübunu, xarakterini, millətimizin və dövlətimizin başında qətiyyətlə dayandığını göstərdi. Cənab Prezidentimizin rəhbərliyi altında dövlət hakimiyyət orqanlarımızın örnək ola biləcək fəaliyyətləri ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu bir daha sübut etdi.

İkincisi, ölkəmizdə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların təyyarə qəzası ilə bağlı birgə bəyanat yayması bəzən baxışlarının müxtəlif olmasına baxmayaraq onların acılı günlərdə dövlətimizin və millətimizin yanında olduğunu, ölkəmizdə siyasi partiya sistemi işinin düzgün qurulduğunu göstərir.

Nəhayət, millətimiz üçün ağrılı olan bu hadisədən bəzilərinin özlərinin siyasi məqsədləri naminə möhtəkirliklə istifadə etmək cəhdləri utancvericidir. Belələrinin üzünə bütün qapıları kip bağlayan millətimiz iyrənc hərəkətləri rədd edir.

Bütün media orqanlarının sərbəst fəaliyyət göstərdiyi, sərhəd tanımayan sosial şəbəkələrin mövcud olduğu, kimin nə istəyir yazdığı və danışdığı ölkəmizdə ən dürüst məlumatları yalnız dövlət orqanlarımız verir. Dövlətimizin məlumatlarının doğruluğuna hamımız 44 günlük Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri zamanı əmin olmuşuq.

Allah millətimizi və dövlətimizi xəta-bəlalardan, təbii fəlakətlərdən qorusun!".

Seçilən
0
2
modern.az

3Mənbələr