Xəbər verdiyimiz kimi, Aktauda AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə qara qutu aşkarlanıb və maddi sübut kimi istintaqın işinə daxil edilib.
Bəs təyyarələrdəki qara qutu nədir?
Sfera.az bildirir ki, qara qutu əslində qara deyil, narıncı və ya parlaq rəngdə olur ki, qəzadan sonra tapılması asanlaşsın. Adının "qara qutu" olması texniki mənşədən gəlir, çünki bu cihaz ilk dəfə yaradıldıqda görünüşü qara rəngdə idi, ancaq sonradan rəngi dəyişdirilib.
Qutuların kənar qalınlıqları 6–7 mm, en və uzunluqları təqribən 25 santimetr, dərinliyi 12–13 santimetrdir. Qara qutular çox yüksək texnoloji proseslərlə istehsal edilir. Onların istehsalında istifadə edilən titan, polad və ya alüminium kimi materiallar xüsusi olaraq ekstremal şəraitə dözmək üçün seçilir. Qutular 1,100°C-ə qədər olan istiliyə və yüksək su təzyiqinə dözə bilir. Həmçinin zərbə, yanğın, su altında qalma və digər şərtlərə qarşı ciddi sınaqlardan keçir. Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və dinlənilib.
Qara qutular hər bir kommersiya təyyarəsində quraşdırılır və uçuş zamanı avtomatik işləyir. Qəzadan sonra müstəntiqlər cihazı çıxararaq onun içindəki məlumatları analiz edirlər. Təyyarənin harada qəza etdiyini tapmaq üçün qutuda ultrasəs siqnalı (pinger) olur ki, su altından belə yerini bildirir.
Qara qutular davamlı olaraq uçuş zamanı məlumatları qeydə alır. Qeyd olunan məlumatlar daxili yaddaşda saxlanır. Sensorlar vasitəsilə uçuş zamanı müxtəlif məlumatları toplayır. Qeydlər yüksək sürətlə fırlanan maqnit lentlərdə və ya yarımkeçirici yaddaşda saxlanır.
Qara qutuda məlumat toplanılması iki əsas hissədən ibarətdir:
Uçuş məlumatları (FDR): Uçuş məlumatlarını qeydə alır. Bu məlumatlara təyyarənin sürəti, hündürlüyü, mühərriklərin fəaliyyəti, yön və bucaq dəyişiklikləri, təyyarənin yerləşmə mövqeyi.
Kokpit səsləri (CVR): Kabinədəki pilotların danışıqlarını, radioda gedən ünsiyyət səslərini, alarmlar və digər kabinə səslərini yazır.
Bu məlumatlar qəza səbəblərini təhlil etmək üçün mühüm mənbədir. Qara qutular həm də uçuş təhlükəsizliyini artırmaq və gələcəkdə oxşar problemlərin qarşısını almaq üçün mühüm rol oynayır.
Firuzə Əliyeva