"Övladım hamını qorumaq üçün öz canından keçdi".
Teleqraf.com-un yerli bürosunun verdiyi xəbərə görə, bu sözləri qəzaya uğrayan təyyarədə həlak olan stüardessa Hökümə Əliyevanın anası Kəmalə Əliyeva deyib.
O bildirib ki, qızının ölüm xəbəri bir müddət öncə deyilib:
"Övladım hamını qorumaq üçün öz canından keçdi. Bir az olar bizə dedilər ki, Hökümə dünyasını dəyişib. Amma mən dünəndən hiss etmişdim ki, qızım artıq yoxdur. Qızımın cənazəsinin gətirilməsini gözləyirik. Qorxmurdu heç nədən. Dəfələrlə deyirdim, təhlükəli işdir, amma qorxmurdu. "Ana mən işimdən razıyam" deyirdi. 20-dən çox ölkədə olub".
Hazırda Hökümənin atası Cəlil Əliyev Bakı şəhərindədir. Xəbəri eşidən hər kəs mərhumun ata evinə gəlir. Ailəyə baş sağlığı, az da olsa, təsəlli verməyə çalışır.