AZ

Hökumənin müəllimi danışdı: "Bir dəfə ona əsəbiləşdim, gülümsəyərək "hər şey yaxşı olacaq" dedi"

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.  Qəzada həlakn olanlardan biri də ekipaj üzvlərindən olan Hökümə Əliyevadır.  Hökümə Əliyeva 1991-ci ildə anadan olub. O, Bakı Dövlət Universitetində (BDU) hüquq üzrə magistratura pilləsini bitirib.  2016-cı ildən AZAL-da çalışan Hökümənin arzusu prokuror olmaq imiş.

E-huquq.az xəbər verir ki, bu barədə onun müəllimi Elvin Əliyev bildirib. 

E.Əliyevin Hökümə Əliyevə ilə bağlı xatirələrini bölüşüb: 

"Hökümə xanım Əliyeva bizim hazırlığın tələbəsi olub. Onun həyatı asan olmayıb. İmtahanla bağlı, "narahat olmayın, hər şey yaxşı olacaq" sözümün ölümə az bir vaxtda empatik olaraq ifadə edilməsini heç ağlıma gətirə bilməzdim. Sağlığında insanları doğru dəyərləndirmək, doğru seçim etmək gərəkdir. Öləndən sonra çox şey boşdur.

Hökümə xanımın Azərbaycan dilində hüququ anlama səviyyəsi aşağı olduğu üçün işləməklə qanunları mənimsəyə bilmirdi. Hətta indiki kimi yadımdadır ki, 2017-ci ilin avqustun axırında Tamara xanım Əlişzadə, Günay xanım Nəzərli də xanımın imkansız olduğunu, ancaq belə şəraitdə uğur qazanmasının çətin olduğunu dilə gətirmişdilər.

Tələbələr bilir ki, oxumayan (və ya mümkün olmayan) tələbələri hazırlıqdan çıxarıram. Uşaqların da sözlərinə və özümüzdə yaranan inama əsasən Mübariz müəllim ilə onu ödənişdən azad etdik ki, işdən çıxıb oxusun. Hətta Tamara xanım, Teymur, Mələk xanım kimi rusdilli tələbələri örnək göstərib işdən çıxarsa, prokurorluğa qəbul üzrə çox yaxşı nəticə göstərəcəyini izah etdim. Çünki sınaqda imtahanalarında onların balı yüksək olurdu. Maddi ehtiyacları səbəbindən işdən ayrılmayacağını demişdi. Kimsənin ona kömək etmədiyini deyirdi. Tədricən görürdük ki, bu qız sakit, qabiliyyətli və saf biridir. Arzusu prokurorluq orqanlarında işləmək idi. Hüquq üzrə də digər orqan və idarələrə də götürmürdülər və ya yaxşı olmayan yerlərə götürürdülər.

Tələbələrimiz bilir ki, məndən "imtahan necə olacaq?" soruşanda "narahat olmayın, hər şey yaxşı olacaq" deyirəm. Yəqin ki,  tələbələrimiz bunu xatırladı.

Bir gün əsəbiləşmişdim. Oxumayan tələbələri çıxardanda, Hökümə xanım gülümsədi (kövrəlmiş formada), çıxartmağa ürəyim gəlmədi. Dedim ki, belə çalışsanız, külək əsməsə heç vaxt imtahandan keçə bilməzsiniz. Gülümsəyərək "hər şey yaxşı olacaq" dedi.  Bundan sonra imtahandan kəsildi.

O, yenə kursa gəlir. Lakin, demək olar ki, oxumağa vaxtı olmurdu. Hər dəfə gülümsəyir, "hər şey yaxşı olacaq" deyib əyləşirdi. Heç nə deyə bilmirdim. Arada əsəbiləşib vaxtın gedir deyəndə, dedi ki, "müəllim mən Azərbaycan dilini və hüquq mətnlərini oxuma qabiliyyətini burada əldə edirəm, bu dəfə də yoxlayacam". Vaxtım olduqca gəlim gedim. Etiraz etmədim.

Prokurorluğa qəbul olmağı çox arzu edirdi. Bir dəfə Nigar Yəhyayeva dedi ki, Elvin müəllim, bu qız prokurorluğu bu qədər arzu edir, amma oxumur. Dedim ki, onun iş rejimi ağırdır. Oxumur yox, oxuya bilmir. Buna görə də hazırlıqdan çıxartmıram. 

İmkanlar da seçimlərini realizə etməyə imkan vermirdi. Maddiyyat bir çox hallarda arzularımızı gerçəkləşdirməyə imkan vermir. Şəxsi həyatından saytlar paylaşımlar edib nə əldə edirlər bilmirəm. İnsanlara sağlığında kömək etmək gərəkdir. Öldükdən sonra mənasızdır.

Doktoranturada oxuyan vaxt işi ilə bağlı mənə məsləhət üçün zəng edirdi. Axırıncı dəfə dedi ki,  nişanlıyam, toyum olacaq və sonra hüquqşünas kimi işləyəcəm. Qismətindən hüquq ixtisası üzrə işləmək alınmırdı.

Acıladığım, səsimi yüksəltdiyim hallarda belə "Müəllim sizin sözünüzün üstünə sübut gətirməyə ehtiyac yoxdur. Siz dürüst insansınız. Hər şey yaxşı olacaq" deyib gülümsəyirdi.

Hökümə xanımı ləyaqətli, dürüst, səmimi, saf, qanacaqlı bir tələbə kimi xatırlayıram. Hətta kimlərsə mənə qarşı çıxanda belə, heç vaxt mənəviyyatsız, ikiüzlü adamlarla arası yaxşı olsun deyə münasibət qurmayıb. Bu onun ləyaqət göstəricisi olub.

Bəzən də tələbələrdən mənəviyyatsız, ləyaqətsiz kimi xatırlananlar da olur.

Gülümsəməklə-kövrəkliyi bir arada hiss etdiyim azsaylı tələbələrdən biri kimi xatirimdə qalacaqdır.

Allah rəhmət eləsin!"
Seçilən
17
e-huquq.az

1Mənbələr