Müəllif: Gülnar Əhmədli, Banco.az
Keçmişdən bu günə aviasiyadakı inkişaflar sayəsində hava səyahətləri daha təhlükəsiz hala gəlib. Buna baxmayaraq, bir çox sərnişinin həyatını itirdiyi müxtəlif ölkələrdə dəhşətli təyyarə qəzaları baş verə bilər. Belə qəzalar zamanı ən önəmli cihazlardan biri də qara qutulardır. Adından fərqli olaraq, qara qutular qəzaya səbəb olan araşdırmalara işıq salır. Bəs qara qutu nə vaxt və necə icad edilib? Qara qutunun ixtiraçısı kimdir? Qara qutuda hansı məlumatlar qeyd olunur? Qara qutuların əsl rəngi nədir?
Qara qutunun ixtira hekayəsinə və işləmə mexanizminə nəzər salaq:
Qara qutu nədir?
Qara qutu hava səyahətləri zamanı uçuşla bağlı məlumatların qeydə alındığı bir vasitədir. Qəzadan sonra qəzaya səbəb olan amilləri müəyyən etmək üçün istifadə olunur.
Qara Qutularda hansı məlumatlar saxlanılır?
Qara qutular iki cihazdan ibarətdir: uçuş məlumatlarını qeyd edən (FDR) və kokpit səs yazıcısı (CVR). FDR-də sürət, vaxt, marşrut, hündürlük, mühərrik gücü kimi müxtəlif məlumatları saxlanılır, CVR-də isə pilotların öz aralarında olan danışıqlarını, hava hərəkətini idarə edən qüllələrdəki zabitlərlə radio danışıqlarını qeydə alır.
Qara qutuların əsl rəngi nədir?
Adına görə qara qutuların rənginin qara olduğunu düşünə bilərsiniz, amma yanılırsınız. Qəzadan sonra onları aşkar etmək və tapmaq asan olması üçün qara qutular narıncı rəngə boyanır. Qara qutulara niyə bu ad verildiyi barədə dəqiq məlumat yoxdur.
Təyyarədə qara qutular harada yerləşir?
Qara qutular adətən təyyarənin qəza zamanı ən az zərərçəkən hissəsi olan quyruq hissəsində yerləşir.
Qara qutular hansı materiallardan hazırlanır?
Qara qutular alüminium və paslanmayan poladdan hazırlanır. Eyni zamanda, onların istehsalında müxtəlif izolyasiya materiallarından istifadə olunur.
Qara qutular nə qədər möhkəmdir?
Qutular o qədər möhkəmdir ki, dənizə düşmüş bir təyyarənin qutuları 7 il sonra çıxarılıb və yenə də dinlənilib.
Təyyarə qəzasından sonra qara qutuları necə tapmaq olar?
Təyyarədə olan sensorlar zərbədən sonra aktivləşir və siqnallar verməyə başlayır. Bu ötürücülər sayəsində beynəlxalq axtarış-xilasetmə peykləri dağıntıların və buna görə də qara qutunun yerini müəyyən edir. Lakin bu ötürücülər suyun altında siqnal göndərə bilmirlər. Bu səbəbdən qara qutulara enerjisini batareyalardan alan və suyun altında 30 gün ərzində 2-3 km məsafəyə səs dalğaları yayan ayrıca mexanizm yerləşdirilir.
Qara qutunun ixtirası
1949-cu ildə İngilis aviasiya şirkəti "De Havilland" sərnişinlərə dünyanın ilk reaktiv təyyarəsi olan "Comet"i təqdim etdi. Sürətli və rahat "Comet" ictimaiyyətin heyranlığını qazandı. Lakin 1952-ci ildən bəri müxtəlif vaxtlarda yeddi sərnişin təyyarəsi qəzaya uğradı və xüsusilə son iki təyyarə qəzasında qəzanın nədən qaynaqlandığına dair heç bir şahid və ipucu tapıla bilmədi.