Belə davam etsə, Ukrayna cəmiyyətində ciddi fikir ayrılığı yarana bilər
Ukraynada Prezident Volodimir Zelenskinin legitimliyi müzakirə olunmağa başlayıb. Buna səbəb onun səlahiyyət müddətinin başa çatmasıdır. Bir neçə aydır, Rusiya rəsmiləri tərəfindən Zelenskinin prezidentliyinin legitimliyi ilə bağlı bəyanatlar verilir, Ukraynada legitim hakimiyyət olmadığı iddia edilir.
Lakin Amerika Birləşmiş Ştatları, Fransa, Almaniya kimi dünya liderləri Zelenskini Ukrayna prezidenti hesab edirlər və onunla müqavilələr imzalayaraq silah göndərirlər.
Qeyd edək ki, Ukraynada hazırkı Prezident Volodimir Zelenskinin səlahiyyət müddəti cari ilin may ayında başa çatıb. Lakin müharibə vəziyyətini nəzərə alaraq, ölkədə prezident seçkilərinin keçirilməsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Rusiya Prezidenti Vladimir Putin mətbuat konfransında Ukrayna ilə sülh danışıqları məsələsi barədə danışarkən bəyan edib ki, yalnız Ukraynanın legitim hakimiyyəti ilə masaya oturacaqlar: “Volodimir Zelenski seçkiyə getsə və legitimlik qazanarsa, Rusiya onunla danışacaq. Ukrayna, həqiqətən də, sülh yolu ilə nizamlanma istəyirsə, onlar bunu edə bilərlər. Biz sadəcə legitim olanlarla imzalaya bilərik" .
“Ukraynalılar legitim prezidentə malik olmaq istəyirlərsə, prezident seçkiləri keçirməlidirlər. Hazırda Ukraynada yalnız Ali Rada legitimliyə malikdir”.
Bunu isə ölkənin xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-lərə müsahibəsində bildirib:” Ukraynalılar Kiyevdəki vəziyyəti Ukrayna konstitusiyasına uyğunlaşdırmaq üçün bunu özləri həll etməlidirlər. Əgər onlar legitim prezidentə malik olmaq istəyirlərsə, bunun üçün əlbəttə ki, seçkilər keçirməlidirlər. Hələlik isə Putinin söylədiyi kimi, Konstitusiyaya əsasən yalnız Ali Rada və müvafiq olaraq onun sədri legitimliyə malikdir".
Putinin Ukraynanın yalnız legitim hakimiyyəti ilə danışıqlara hazır olması barədə məlum açıqlaması sosial platformalarda Moskvanın danışıqlardan imtina etməsi kimi dəyərləndirilir. Qeyd edilib ki, Putinin Ukrayna konstitusiyasından 111-ci maddəni sitat gətirməsi Zelenskinin prezident kimi səlahiyyətlərini azaltmır. Rusiya prezidentinin bu açıqlamasının heç bir legitim hüququ yoxdur. Sadəcə olaraq Putin Zelenskinin səlahiyyətlərini sıfırlayaraq Rusiyanın atdığı addımın Ukrayna prezidentinə qarşı deyil, prezidentliyi üstlənmiş vətəndaşına qarşı olduğunu xatırladır.
Sözsüz ki, əks düşüncədə olanlar da var. Bu kəsimin iddiasına görə, Putinin mövqeyi tam mənada beynəlxalq hüquqa sayğı və hörmətdən irəli gəlir. Ukraynanın hazırda özünü prezident kimi təqdim edən şəxsinin dövlət başçısı kimi səlahiyyət müddəti bu ilin mayında başa çatıb. Zelenski ölkənin müharibə vəziyyətində olduğunu qeyd edərək prezident seçkilərinə getməkdən imtina etmiş və qanunvericiliyə zidd olaraq seçicilərin etimadını qazanmadan dövlətə rəhbərlik etməyə davam edir.
O da bildirilib ki, Zelenski danışıqlarda Ukraynanı dövlət başçısı kimi təmsil etmək istəyirsə, o, Ukraynada keçiriləcək prezident seçkilərinə qatılmalı, seçicilərin mütləq əksəriyyətinin etimadını qazanıb, legitim prezident olaraq Ukraynanı təmsil etmək hüququnu əldə etməlidir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov “Sherg.az”a açıqlamasında deyib ki, Ukrayna qanunvericiliyində ölkənin müharibə vəziyyətində olduğu zaman prezident seçkilərinin dayandırılması və ya keçirilməməsi ilə bağlı hüquqi müddəa yoxdur. Hazırda Ukraynada legitim hakimiyyət Ali Rada, yəni qanunverici hakimiyyətdir. Qanunvericilik baxımdan prezidentdən sonra ikinci məsul şəxs Radanın başçısıdır. Bu kontekstdə Rusiya indiki şəraitdə danışıqları Radanın başçısı ilə apara bilər ki, Putin də əvvəllər dəfələrlə bu məqama toxunub:
“Ukrayna konstitusiyasında bu məqam nəzərə alınmayıb. Bir çox ölkənin konstitusiyasında müharibə şəraitində prezident seçkilərinin təxirə salınacağı ilə maddə olsa da, Ukrayna konstitusiyasında hansı addımların atılacağı ilə bağlı bənd yoxdur. Görünür, Ukrayna konstitusiyası qəbul edilərkən müharibə olacağını düşünməyiblər. Ona görə də konstitusiya qəbul edilərkən bütün gözlənilməz ehtimallar belə nəzərə alınmalıdır".
Politoloqun fikrincə, Zelenskinin legitimliyi müzakirə predmeti olmağa davam etsə, Ukrayna cəmiyyətində ciddi fikir ayrılığı yarana bilər: "Bunun isə müharibə vəziyyətində xaotik vəziyyətin meydana gəlməsi ilə nəticələnmə ehtimalı var. Əlbəttə ki, bu da özünü orduda və müharibədə mütləq şəkildə göstərəcək. Ukrayna cəmiyyəti kənardan səslənən fikirlərdən asılı olmayaraq müharibənin getdiyi həssas dönəmdə Volodimir Zelenskinin legitimliyini və rəhbərliyini birmənalı şəkildə qəbul edərək, onun arxasında getməlidirlər. Əks təqdirdə, müharibənin davam etməsinə rəğmən prezident seçkiləri keçirə bilərlər. Amma bu, hazırkı reallıqda mümkün deyil. Çünki Ukrayna cəmiyyəti uzun müddətdir səfərbər olunub. İndiki vəziyyətdə belə fikirlərin ortaya atılması Rusiyanın işinə yaraya, müharibədə Ukraynanın mövqeyinə ciddi zərbə vura bilər".