AZ

Təyyarə qəzasında həlak olan pilotlara şəhidlik statusu verilə bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi,dekabrın 25-də AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Xalqımızı sarsıdan faciəvi təyyarə qəzasında həlak olan pilotlara və vətəndaşlarımıza şəhidlik statusunun verilməsi barədə təkliflər səsləndirilir.

Milli Məclisin deputatı Elman Məmmədov e-huquq.az-a açıqlamasında həmin təkliflərə münasibət bildirib.

"Əvvala, təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm, onların yaxınlarına başsağlığı verirəm. Yaralılarımıza isə şəfa diləyirəm. Bu qəza bütün Azərbaycan xalqı üçün ağır itkidir. Qəzada həlak olan ekipaj üzvlərinə şəhidlik statusunun verilməsi məsələsinə gəldikdə isə məlum olduğu kimi,şəhid statusunun verilməsi haqqında qanun var. Bu məsələlər qanunla tənzimlənir. Bu, kiminsə istəyi, yaxud təklifi ilə olan bir məsələ deyil. Bu məsələdə qanuna istinad olunur", - deyə o qeyd edib.

Deputat qəzanın baş vermə səbəbləri ilə bağlı səsləndirilən fikirlərə də münasibət bildirib: "Qəza ilə bağlı mətbuatda çoxsaylı fikirlər səsləndirilir, müzakirə edilir. Hamı kimi mən də görüntüləri izlədim. Qəzadan sağ çıxan insanların dediklərini dinlədim. Müşahidələr və deyilənlərdən belə məlum olur ki, təyyarə qəzasına dumanlı hava, yaxud quş sürüsü ilə toqquşma səbəb olmayıb. Bu ehtimallar özünü doğrultmadı. Aydın şəkildə görünür ki, təyyarə vurulub. Bu, məlumdur. Lakin təyyarənin necə və hansı şəraitdə vurulması ilə bağlı rəsmi məumatları gözləmək lazımdır".

Şəbnəm Mehdizadə
Seçilən
68
e-huquq.az

1Mənbələr